İran Azərbaycanla qaz mübadiləsi və svopu üzrə əməkdaşlığa hazırdır – Nazir müavini (Eksklüziv)

Baş səhifə

Bakı. Trend:

İran tərəfi Azərbaycanla qaz mübadiləsi və svopu üzrə əməkdaşlıq
etməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində İranın neft nazirinin müavini və
Milli Qaz Şirkətinin icra direktoru Səid Təvəkkoli deyib.

Onun sözlərinə görə, Azərbaycanın başqa qonşu ölkələrlə İran
üzərindən qaz mübadiləsi üzrə razılaşma olarsa, İran bu istiqamətdə
əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

“İranın qaz infrastrukturları qaz svopu və mübadiləsi üçün
əməkdaşlıq etmək imkanı yaradır. Bununla əlaqədar müzakirələr
aparılmaqdadır və ümid edilir ki, müzakirələr praktiki addımlarla
yekunlaşacaq”, – deyə o bildirib.

Təvəkkoli əlavə edib ki, İranın Milli Qaz Şirkəti ilə
Azərbaycanın SOCAR Şirkəti arasında uzunmüddətli müqavilə mövcud
olub və bu müqavilənin müddəti yenidən uzadılıb. Müqavilə
çərçivəsində çox effektiv əməkdaşlıq həyata keçirilməkdədir.

Nazir müavini deyib ki, Türkmənistan qazının Azərbaycana svop
edilməsi ilə əlaqədar qısamüddətli müqavilə də çox yaxşı şəkildə
həyata keçirilib. Hazırda bu müqavilə üzrə işlər dayandırılıb.

Təvəkkoli qeyd edib ki, İran 2029-cu ilədək iqtisadi inkişaf
proqramına əsasən, MDB-yə üzv ölkələr, qonşu ölkələrlə qaz
ticarəti, svopu, tranziti üzrə əməkdaşlığa önəm verir. Bu baxımdan
İran tərəfi Türkmənistan və yaxud hər hansı qonşu ölkənin qazının
İran vasitəsi ilə üçüncü ölkəyə nəql olunmasına hazırdır.

Təvəkkoli bildirib ki, İranın Türkiyə ilə qaz müqaviləsi ölkənin
uzunmüddətli strateji müqavilələrindən biri hesab olunur. İki ölkə
arasında ilkin və təkmilləşdirmə müzakirələri həyata keçirilib və
müsbət razılaşmalar əldə olunub. İran və Türkiyə arasında qaz
müqaviləsi üzrə müzakirələrin tezliklə uğurlu nəticə ilə
sonuclanacağına ümid edilir.




“İranın 2029-cu ilə qədər nəzərdə tutulan iqtisadi inkişaf
proqramına əsasən qaz ixracı ölkənin əsas strateji hədəflərindən
biri kimi seçilib. Lakin bu məsələ İranın prioritetlərindən
asılıdır. İranın birinci prioriteti ölkədaxili qaz təminatını
həyata keçirməkdir. Növbəti mərhələdə isə qaz ixracı önəmli
addımlardan biri kimi qiymətləndirilir. Bu aspektdə Türkiyə
vasitəsi ilə İran qazının Avropa ölkələrinə ixracı baədə hələlik
hər hansı bir göstəriş olmayıb və danışıq aparılmayıb.

Ölkənin qaz ixracına gəldikdə, hazırda İranın qaz ixracı ilə
əlaqədar statistik məlumatlar dəqiqləşməyib. Ölkənin qaz şəbəkəsi
və mövcud vəziyyəti nəzərə alaraq dəqiqləşdirilmə aparılacaq və
ölkənin yüksək səviyyəli aidiyyətli qurumlarından icazə alındıqdan
sonra yekun qərar veriləcək”, – deyə o qeyd edib.

İranın Milli Qaz Şirkətinin icra direktoru əlavə edib ki, Rusiya
qazının İrana nəql olunması ilə bağlı iki ölkə arasında anlaşma
memorandumu əsasında iki mərhələli proqram nəzərdə tutulub. Bu
anlaşma memorandumu çərçivəsində iki ölkə arasında sıx və praktiki
müzakirələr keçirilib. Bu isə İran və Rusiya arasında müqavilə üzrə
işlərin yekunlaşması ilə nəticələnib. Sadəcə iki nüans – qazın
qiyməti və ödəniş mexanizmi üzrə hallar istiqamətində işlər
aparılmalı idi. Bu iki məsələ ilə bağlı işlər hələlik
yekunlaşmayıb. Hər iki tərəf Rusiya qazının İrana nəql olunmasını
müsbət qarşılayır və bu çərçivədə müzakirələr davam edir.

Təvəkkoli əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi hava
hücumlarında bütün protokollara rəğmən ölkənin qaz infrastrukturu
hücumlara məruz qalıb. İranın Neft Nazirliyi və Milli Qaz
Şirkətində bütün bu hallarla əlaqədar mövcud vəziyyətin idarə
olunması üçün hədəfli addımlar atılıb. Atılan addımlar nəticəsində
ölkədə qaz təminatı sahəsində böhranlı şərait yaranmayıb. Bütün
görülən tədbirlərə baxmayaraq ölkənin qaz istehsalının müəyyən bir
hissəsində məhdudiyyət yaranıb. Məhdudiyyətin azaldılması və aradan
qaldırılması istiqamətində elə ilk gündən qısa, orta və
uzunmüddətli proqramlar hazırlanıb. Ölkənin bütün qaz emalı
zavodlarında təhlükəsizliyin artırılması üzrə addımlar atılıb.

“Müharibə dövründə 18 mart 2026 tarixində qaz emalı zavodlarının
vurulması bir növ böyük təəssüfləndirici haldır. Xəsarət alan qaz
emalı zavodlarında dağıntıların aradan qaldırılması üzrə işlər
aparılır. Cənubi Pars Qaz Şirkətində vurulan 4 emal zavodunun
bəzisində xəsarətlər daha ciddi şəkildədir və həmin emalı
zavodlarının bərpası prosesinə başlanıb.

Təbii ki, qaz emalı zavodlarının hərbi hava hücumlarında
vurulması ölkənin qaz istehsalını azaldıb. Bu baxımdan
avadanlıqların istehsalı və təchizatın təmin olunması üzrə işlər
həyata keçirilir. Dəyən zərərin qiymətləndirilməsi ilə yanaşı
texniki işlər də davam etdirilməkdədir və bu zavodların əsaslı
şəkildə təmir olunması nəzərdə tutulur.

Milli Qaz Şirkəti proqrama əsasən imkanları daxilində ölkənin
qaz istehsalını maksimum şəkildə artırmağa və qarşıdan gələn soyuq
aylarda ölkənin qaz təminatı istiqamətində addımlar atmağı nəzərdə
tutub. Vurulan qaz emalı zavodlarında da bərpa işlərinin
sürətləndirilməsi, texniki işlərin həyata keçirilməsi diqqət
mərkəzindədir. Qaz infrastrukturlarında qeyri-hərbi müdafiə ilə
əlaqədar bütün tədbirlər görülüb”, – deyə o bildirib.

Nazir müavini qeyd edib ki, İranın qaz infrastrukturları əhaliyə
xidmət üçün nəzərdə tutulub. Ölkənin qaz infrastrukturları sadəcə
xidmətlər göstərən infrastrukturlardır. Ölkənin qaz istehsalı ilə
istilik elektrik stansiyalarının yanacağı təmin olunur. Elektrik də
öz növbəsində əhaliyə xidmət üçün istifadə olunur. Vətəndaşlara
xidmətlər göstərən infrastrukturların vurulmasını heç bir halda
əsaslandırmaq mümkün deyil. Xidmətlər göstərən infrastrukturların
vurulması isə qarşı tərəfin başqa məqsədləri də nəzərdə tutduğunu
göstərir. Bütün bunlara rəğmən İran tərəfi bütün hallar üçün
hazırlığa sahibdir və lazımi planlar nəzərdə tutulub.