Slovakiya şirkətləri Azərbaycan bazarına artan maraq göstərir

Baş səhifə

Bakı.Trend:

Slovakiya şirkətləri Azərbaycan bazarına artan maraq göstərir və
Azərbaycanla Slovakiya arasında iqtisadi əlaqələr möhkəmlənməkdə
davam edir.

Trend-in tədbirdə
iştirak edən müxbirinin verdiyi məlumata görə, bu barədə Slovakiya
İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyinin (SARIO) Xarici
Ticarət Şöbəsinin rəhbəri Daniel Ondruş Bakıda keçirilən
Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışı zamanı bildirib.

“Bu, son üç il ərzində SARIO tərəfindən Azərbaycana təşkil
olunan artıq dördüncü biznes missiyasıdır. Biz bunu Slovakiya
şirkətlərinin Azərbaycana artan marağının və ölkələrimiz arasında
iqtisadi əlaqələrin ardıcıl şəkildə möhkəmlənməsinin göstəricisi
kimi qiymətləndiririk”, – deyə o bildirib.




Ondruş qeyd edib ki, Slovakiya nümayəndə heyətinə kənd
təsərrüfatı və qida sənayesi, maşınqayırma, müdafiə sənayesi, su
təsərrüfatı, infrastruktur, energetika, dağ-mədən sənayesi, eləcə
də informasiya-kommunikasiya texnologiyaları sahələrində fəaliyyət
göstərən şirkətlərin nümayəndələri daxildir.

Onun sözlərinə görə, şirkətlər Azərbaycan bazarını öyrənmək,
təcrübə mübadiləsi aparmaq və uzunmüddətli işgüzar tərəfdaşlıqlar
qurmaq məqsədilə Bakıya səmimi maraqla gəliblər.

O vurğulayıb ki, forumun əsas nəticəsi keçirilən görüşlərin
yekununda formalaşacaq tərəfdaşlıq münasibətləri, həmçinin tədbir
başa çatdıqdan sonra da inkişafını davam etdirəcək birgə layihələr
və işgüzar əlaqələr olacaq.