Banklararası Kart Mərkəzi vasitəsilə manatla aparılmış ödəniş əməliyyatlarının həcmi açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Bu ilin may ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda
Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 2,998 milyard
manat məbləğində74,483 milyon ödəniş əməliyyatı aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi
statistik bülletendə bildirilir.

Məlumata əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə
əməliyyatların sayı 2,523 milyon və ya 3,5 faiz artıb,
əməliyyatların məbləği isə 31 milyon manat və ya 9,4 faiz
azalıb.

Qeyd edək ki, ötən ilin may ayında Azərbaycanda BKM vasitəsilə
ümumilikdə 3,308 milyard manat məbləğində 71,960 milyon ödəniş
əməliyyatı həyata keçirilib.

Xatırladaq ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə
ödənişlərin təhlükəsiz və operativ şəkildə emalını təmin edən
texnoloji və maliyyə infrastrukturudur. Mərkəz banklar arasında
ödəniş məlumatlarının düzgün ötürülməsini və hesablaşmaların
yekunlaşdırılmasını təmin edir.




Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, may ayının
sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan
ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22
milyon 827 min ədədə çatıb.

“Müvafiq dövr ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
12 faiz artıb. Bu zaman debet kartlarının sayı 13 faiz artdığı
halda, kredit kartlarının sayı 3 faiz azalıb. Ödəniş kartlarının
sayındakı artım nağdsız hesablaşmaların həcminə müsbət təsir
göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız
əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz
artıb”, – deyə AMB-nin məlumatında qeyd olunub.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş
sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl
müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki
inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS
terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

“Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi
ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər
ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya
imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə
beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik
pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin
genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və
ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin
edilməsidir”, – deyə Mərkəzi Bank qeyd edib.