
Bakı. Trend:
“Windows” əməliyyat sistemi ilə işləyən kompüterlərin
istifadəçiləri yeni təhlükəsizlik sertifikatının quraşdırılması ilə
bağlı problemlərdən şikayət etməyə başlayıblar.
Bu barədə “Windows Latest” nəşri məlumat yayıb.
Nəşrin jurnalistləri xatırladıblar ki, 2026-cı ilin oktyabrında “Windows” üçün “Secure Boot” təhlükəsizlik sertifikatının qüvvədə
olma müddəti başa çatacaq. Bu sertifikat sistemə zərər verə biləcək
saxta drayverlərin, virusların və zərərli yükləyicilərin işə
salınmasının qarşısını alır. “Microsoft” artıq yenilənmiş
sertifikatın yayımına başlayıb. Lakin iyulun əvvəlində məlum olub
ki, bir çox istifadəçi texniki nasazlıq səbəbindən “Secure Boot”un
yeni versiyasını əldə edə bilmir.
“Microsoft” bildirib ki, bəzi fərdi kompüterlər (PK) üçün yeni
sertifikatların təqdimatı müvəqqəti dayandırılıb. Şirkətin izahına
görə, səbəbi hələ müəyyən edilməmiş texniki nasazlıq nəticəsində “Windows” əməliyyat sistemi ilə işləyən bəzi qurğular yeniləməni
qəbul edə bilmir. Korporasiya istifadəçilərə kompüter
istehsalçıları tərəfindən problemi aradan qaldıracaq yeniləmə
paketlərini (patch) gözləməyi tövsiyə edib.

