
Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlət siyasətinin əsas prioritetlərindən biri bilik, peşə bacarıqları və texnologiyaların səviyyəsini artırmaq, bunun nəticəsində isə Azərbaycanda rəqabətqabiliyyətli yeni məhsulların istehsalını təmin etməkdir:
“Bu məqsədlə müxtəlif maliyyə alətlərindən istifadə edirik, risklərin bölüşdürülməsi mexanizmlərini tətbiq edirik. Azərbaycan Biznesin İnkişafı Fondu kimi institutlarımız maliyyə investoru qismində çıxış edir, səhmdarlıq risklərini öz üzərinə götürür, şirkətlərdə azlıq payı ilə iştirak edir, həmçinin güzəştli kreditlər təqdim edir.
Bununla yanaşı, Azərbaycana və bütövlükdə regiona investisiya yatırmaq mandatına malik birgə investisiya fondlarından istifadə edirik və onların sayı getdikcə artır. Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları müxtəlif sahələrdə imkanları görən və qiymətləndirən bizneslər üçün mühüm ekosistem rolunu oynayır”.
O qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası ölkənin ümumi hüquqi rejimindən kənarda fəaliyyət göstərən xüsusi hüquqi rejimə malikdir: “Zona investorlara əlverişli şərait və geniş güzəştlər paketi təqdim edir. Eyni zamanda, artan yükdaşımalar və Azərbaycanın strateji nəqliyyat bağlantıları onun üstünlüklərini daha da artırır. Oxşar investisiya təşviqləri, o cümlədən 10 illik vergi güzəştləri paketi Naxçıvan Muxtar Respublikasında da tətbiq olunur”.

