Azərbaycan beynəlxalq tərəfdaşlarla investisiya əməkdaşlığını genişləndirir – AZPROMO

Baş səhifə

Bakı.Trend:

Azərbaycan iqtisadiyyatın qeyri-neft sektoruna milyardlarla
dollar həcmində investisiya cəlb etməklə beynəlxalq investisiya
əməkdaşlığını genişləndirməyə davam edir.

Trend-in tədbirdə
iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı
direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Slovakiya
Biznes Forumunda çıxışı zamanı deyib.

“2025-ci ilin sentyabr ayında İqtisadiyyat Nazirliyi və AZPROMO “The European House – Ambrosetti” ilə birgə Bakıda ilk Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunu keçirib. Tədbirə 1000-ə yaxın
iştirakçı qatılıb və yekunda ümumi dəyəri 10 milyard ABŞ
dollarından çox olan investisiya sənədləri imzalanıb. Bunun 7
milyard ABŞ dollarından çoxu qeyri-neft sektoru üzrə layihələri
əhatə edir”, – deyə o bildirib.




Y.Abdullayev qeyd edib ki, ikinci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumu bu ilin 25–26 sentyabr tarixlərində keçiriləcək.
O, bu tədbirdə slovak tərəfdaşları salamlamaqdan məmnun
olacaqlarını ifadə edib.

Bundan əlavə, o vurğulayıb ki, AZPROMO investorlara “vahid
pəncərə” prinsipi əsasında dəstək göstərir. Agentlik onlara
Azərbaycan bazarı ilə tanış olmaq, prioritet sahələri, mövcud
təşviq mexanizmlərini, uyğun investisiya məkanlarını, sənaye
zonalarını və perspektivli investisiya layihələrini
müəyyənləşdirməkdə kömək edir.

Onun sözlərinə görə, investisiya fəaliyyətinin inkişafına “Invest in Azerbaijan” platforması da töhfə verəcək. Bu platforma
investisiya məlumatlarına, müraciətlərin təqdim edilməsinə və
investisiyaların dəstəklənməsi alətlərinə rəqəmsal çıxışı təmin
edəcək.