Azərbaycanda rəqəmsal kanallar maliyyə sektorunun əsas xidmət platformasına çevrilib – Vüsal Xəlilov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda rəqəmsal kanallar artıq maliyyə sektorunda əsas
xidmət platformasına çevrilib və vətəndaşlarla biznesin maliyyə
davranışında ciddi dəyişiklik yaradıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan
Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov “Rəqəmsal arxitektura:
Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən
dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə nağdsız ödənişlərin xüsusi
çəkisi əhəmiyyətli dərəcədə artıb. Belə ki, kart əməliyyatlarında
nağdsız ödənişlərin payı 17,8 faizdən 97 faizə yüksəlib. Eyni
zamanda, ani ödənişlər sistemində əməliyyatların həcmi 2025-ci ilin
əvvəlindəki 87 milyon manatdan 940 milyon manata çatıb.

V.Xəlilov bildirib ki, bu göstəricilər təkcə texnologiyaların
tətbiqini deyil, həm də vətəndaşların və biznes subyektlərinin
maliyyə davranışının dəyişdiyini göstərir.

O qeyd edib ki, bank sektorunda rəqəmsallaşmanın ən mühüm
nəticələrindən biri insan kapitalının inkişafıdır. Son
araşdırmalara əsasən, sistem əhəmiyyətli banklarda əməkdaşların
təxminən 30 faizi proqramlaşdırma, süni intellekt, məhsul
idarəçiliyi və DevOps kimi rəqəmsal istiqamətlərdə çalışır.




Mərkəzi Bank sədrinin müavini vurğulayıb ki, maliyyə sektorunda
süni intellekt texnologiyalarından artıq kredit skorinqi, risklərin
qiymətləndirilməsi və məhsulların fərdiləşdirilmiş şəkildə təklif
olunması üçün geniş istifadə edilir. Hazırda isə böyük dil
modellərinin (LLM) tətbiqi istiqamətində işlər davam etdirilir.

V.Xəlilov bildirib ki, Mərkəzi Bankın strategiyası vətəndaşlara
birbaşa çoxsaylı xidmətlər göstərmək deyil, özəl sektorun innovativ
maliyyə məhsulları yaratmasına şərait formalaşdırmaqdır. Bu
məqsədlə açıq API yanaşmasının inkişaf etdirilməsi və bazar
iştirakçıları üçün yeni imkanların yaradılması prioritet
istiqamətlərdən biridir.

Onun sözlərinə görə, Mərkəzi Bank eyni zamanda nəzarət
mexanizmlərinin rəqəmsallaşdırılması üzərində işləyir. Bu
istiqamətdə süni intellekt əsaslı nəzarət alətləri, rəqəmsal
hesabatlılıq və tam elektron müraciət sistemləri tətbiq edilir.

V.Xəlilov qeyd edib ki, maliyyə sektorunun gələcək inkişafı üçün
risk əsaslı tənzimləmə, innovativ məhsulların sınaqdan
keçirilməsinə imkan verən xüsusi hüquqi rejimlərin yaradılması,
dövlət məlumat bazalarına çıxışın genişləndirilməsi və bulud
(cloud) infrastrukturunun inkişafı mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, hazırda banklar dövlət məlumat bazalarından
istifadə üçün əhəmiyyətli vəsait xərcləyirlər və bu məlumatların
daha əlçatan olması rəqəmsal transformasiyanın sürətlənməsinə ciddi
töhfə verə bilər. Bundan başqa, idarə olunan bulud xidmətlərinin
geniş tətbiqi təşkilatların infrastruktur xərclərini azaltmaqla
rəqəmsal innovasiyaların inkişafını daha da sürətləndirəcək.