Türkiyə XİN: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiyada davam etdiriləcək

Baş səhifə

Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi Ankaranın əsas xarici siyasət prioritetlərindən biridir.

APA xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin 2026-cı il üzrə Fəaliyyət Proqramında öz əksini tapıb.

Sənəddə bildirilir ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx məsləhətləşmələr və koordinasiya şəraitində davam etdiriləcək. Eyni zamanda, Türkiyə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyini davam etdirəcək.

Türkiyə XİN qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələrin həllinə töhfə vermək və regional sülhün, sabitliyin təmin olunması məqsədilə Azərbaycana dəstək daha da gücləndiriləcək.

Sənəddə vurğulanır ki, bölgədə uzunmüddətli sabitlik, rifah və təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan prosesləri əlaqələndirilmiş şəkildə irəliləməlidir.

Hesabatda Azərbaycanla münasibətlərə ayrıca yer ayrılıb. Bildirilir ki, ortaq dil, tarix, mədəniyyət və kimlik üzərində qurulan müstəsna münasibətlər qarşılıqlı yüksək səviyyəli təmaslarla daha da möhkəmləndiriləcək.

“Strateji tərəfdaşlığımızın ikitərəfli və çoxtərəfli təşəbbüslər vasitəsilə Cənubi Qafqazda sülhə, rifaha və sabitliyə töhfə verməsi məqsəd qoyulub. Bununla yanaşı, regional normallaşma prosesləri çərçivəsində Azərbaycanla sıx koordinasiya və əməkdaşlığımız qətiyyətlə davam etdiriləcək”, – sənəddə qeyd olunub.

Türkiyə XİN-in Fəaliyyət proqramında vurğulanır ki, Ankara Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi istiqamətində Azərbaycanla koordinasiyalı fəaliyyətini 2026-cı ildə də davam etdirəcək.