Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı
cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində
ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,
David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya
şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun
sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli
Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində
cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri
bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə
müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin
edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət
ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı,
həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova
iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Madat Babayanın müdafiəçisi çıxış edib.
O, məhkəmədən 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini,
hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət
hökmünün çıxarılmasını xahiş edib.

Ardınca çıxış edən təqsirləndirilən Madat Babayan müdafiəçisinin
mövqeyi ilə razı olduğunu və özünü təqsirli hesab etmədiyini
deyib.

Daha sonra söz təqsirləndirilən Arayik Harutyunyanın
müdafiəçisinə verilib. Müdafiə tərəfi apellyasiya şikayəti
çərçivəsində öz arqumentlərini məhkəmənin diqqətinə çatdırıb.

Bundan sonra zərərçəkmiş şəxslərin nümayəndələri – Şaiq
Hüseynov, Arzu Cavadov, Alı Əhmədov və Elmira İsmayılova çıxış
ediblər.

Onlar Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli
hökmünün qanuni və əsaslı olduğunu, məhkəmə istintaqı zamanı təqdim
edilmiş foto, video və digər sübutlarla təqsirləndirilən şəxslərə
qarşı irəli sürülmüş ittihamların tam təsdiqləndiyini bildiriblər.
Nümayəndələr apellyasiya şikayətlərinin əsassız olduğunu
vurğulayaraq, hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını
məhkəmədən xahiş ediblər.

Bununla təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və
zərərçəkmiş şəxslərin nümayəndələrinin çıxışları başa çatıb.

Sonra məhkəmə iclasında müdafiə tərəfi, o cümlədən Davit
İşxanyan, Levon Mnatsakanyan və David Manukyan vəsatətlər təqdim
edib.

Verilmiş vəsatətlərə dövlət ittihamını müdafiə edən prokuror,
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə
rəisi Abbas Abbaslı münasibət bildirib.

Vəsatətlərə baxılması üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə davam etdirilib və qərarlar elan olunub.
Qərarlara əsasən vəsatətlər qismən təmin olunub.

Məhkəmənin növbəti iclası iyulun 21-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral
tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan,
David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan
məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako
Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik
Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il,
Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il
müddətinə azadlıqdan məhrum ediliblər.