
Rusiyanın Kiyevə endirdiyi kütləvi raket zərbəsi nəticəsində 1 nəfər həlak olub, azı 6 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Solomyanski rayonunda qeyri-yaşayış binası və onun yaxınlığındakı beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Xilasedicilər binadan dörd nəfəri təxliyə ediblər.
Bundan əlavə, Dneprovski rayonunda yataqxanada, Şevçenkovski rayonunda inzibati binaya bitişik tikilidə, Desnyanski rayonunda isə avtomobillərdə yanğın qeydə alınıb. Bir neçə yaşayış binası və supermarket də zərər görüb.
UNIAN-ın son yeniləməsinə görə, hücum zamanı Solomyanski rayonunda çoxmənzilli yaşayış binasına birbaşa raket zərbəsi endirilib.
***
04:04
Rusiya ordusu iyulun 19-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib.
APA xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.
Şəhərdə bir neçə güclü partlayış baş verib, hava hücumu xəbərdarlığı elan olunub. Hücum nəticəsində müxtəlif rayonlarda yaşayış binaları və mülki infrastruktur zədələnib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri raket və PUA-ların bir hissəsini məhv etsə də, dağıntılar nəticəsində yanğınlar baş verib.
Xilasedicilər hadisə yerlərində işləyir, zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.

