Dron hücumu Rusiyaya 1 milyardlıq ziyan vurub 

Baş səhifə

Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva və Tambov vilayətlərində həyata keçirdiyi hücumlar ölkənin ən böyük onlayn ticarət platformalarından biri olan Wildberries üçün ciddi itkilərə səbəb olub.

Modern.az xəbər verir ki, bu barədə The Bell nəşri məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində şirkətin Moskva vilayətinin Elektrostal şəhərində və Tambov vilayətinin Kotovsk şəhərində yerləşən iki iri logistika mərkəzi zərər görüb. Mənbələrin qiymətləndirməsinə əsasən, Wildberries-in ümumi anbar sahələrinin 10-15 faizi sıradan çıxıb.

Şirkətə yaxın mənbə bildirib ki, bu, marketpleysin fəaliyyətinin tam dayanacağı anlamına gəlmir. Lakin xüsusilə Moskva bazarında logistika sisteminin ciddi yüklənəcəyi gözlənilir.

“Vedomosti” qəzetinin daşınmaz əmlak üzrə ekspertlərinə görə, Wildberries təxminən 350 min kvadratmetr logistika sahəsini itirib. Bu isə şirkətin bütün anbar fondunun təxminən 7 faizinə bərabərdir.

Ekspertlərin hesablamasına əsasən, logistika parklarının dəyəri 20 milyard rubldan çoxdur. Anbarlarda saxlanılan mallar və avadanlıqlar da nəzərə alındıqda ümumi zərərin 85 milyard rubla, yəni təxminən 1 milyard ABŞ dollarına çatdığı bildirilir.

Hücum zamanı 8 nəfər həlak olub, onlarla insan yaralanıb.

Wildberries-in rəhbəri Tatyana Kim bildirib ki, şirkət mallarını itirən satıcılara ödəniş mexanizmini müzakirə edir. Bununla belə, o qeyd edib ki, mövcud qaydalara əsasən marketpleysin itirilmiş mallara görə kompensasiya ödəmək öhdəliyi yoxdur.