
FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatını
indiyə qədərki ən yaxşı mundial adlandırıb.
Təşkilatın rəhbəri turnirin miqyasını, stadionlardakı atmosferi
və dünyanın hər yerindən azarkeşlərin marağını yüksək
qiymətləndirib.
“Final atəşfəşanlıq kimi olacaq. Möhtəşəm olacaq. Dünya
dayanacaq və üç milyard insan dünya çempionatının bitməsini
izləyəcək. Bu turnir tamamilə möhtəşəm, unikal və inanılmaz olur.
Ən yaxşı oyunçularımız, ən yaxşı komandalarımız, dolu
stadionlarımız və əsl bayramımız var”, – deyə İnfantino
bildirib.
Onun sözlərinə görə, 2026-cı il dünya çempionatı təşkilatçıların
ən ağlasığmaz gözləntilərini belə aşıb.
“Keçmişi və bu günü nəzərə alsaq, bu, tarixin ən yaxşı dünya
çempionatıdır. Turnirin böyük olacağını təsəvvür edirdim, amma bu
qədər böyük olacağını yox. Belə bir atmosfer, bayram və enerji
gözləmirdim”, – deyə FİFA prezidenti qeyd edib.
İnfantino həmçinin yarışın böyük insidentsiz keçdiyini
bildirib.
“Dünyada xoşbəxtlik hökm sürür. Əlbəttə ki, bir komanda uduzanda
azarkeşləri kədərlənir. Amma futbolu bayram etmək üçün dünyanın hər
yerindən insanlar gəldi. Heç bir hadisə baş vermədi. Dünyanın hər
yerindən insanlar buraya gəldilər və hamısı futbolu bayram
edirlər”, – deyə o vurğuladı.
FİFA prezidenti debütantların çıxışlarını və turnirin
gözlənilməz hekayələrini xüsusilə qeyd edib.

