
Bakı. Trend:
Böyük Britaniyanın gələcək Baş naziri Endi Börnem ölkə üzrə
vahid rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqi layihəsindən imtina
edəcək.
Bu barədə iyulun 18-də onun nümayəndəsi məlumat verib.
Layihə 2025-ci ilin sentyabrında vəzifəsini bazar ertəsi tərk
edəcək Baş nazir Kir Starmer tərəfindən qeyri-qanuni miqrasiyaya
qarşı mübarizə vasitəsi kimi təqdim olunmuşdu. Təşəbbüs uzun
illərdir şəxsiyyətə nəzarət sistemlərinə mənfi yanaşan və milli
şəxsiyyət vəsiqəsinin olmadığı Böyük Britaniyada ciddi narahatlıq
doğurmuşdu.
“Rəqəmsal şəxsiyyət vəsiqəsi layihəsinə ayrılması nəzərdə
tutulan bütün vaxt və maliyyə resursları daha zəruri sahələrə,
xüsusilə də əhalinin yaşayış xərclərinin azaldılması tədbirlərinə
yönəldiləcək”, – deyə Baş nazirin nümayəndəsi bildirib.
Leyboristlər Partiyasının üzvü olan Endi Börnem vəzifəyə ölkədə
uzun müddətdir davam edən yaşayış dəyəri böhranı fonunda başlayır.
Bu böhran son illərdə Kir Starmerin populyarlığının kəskin
azalmasına səbəb olub.
Yeni hökumətin əsas prioritetləri iqtisadiyyatın dirçəldilməsi
və enerji daşıyıcıları və ərzaq məhsullarının bahalaşmasından zərər
çəkən britaniyalıların həyat səviyyəsinin yaxşılaşdırılması
olacaq.
Bəyanatda qeyd olunub ki, rəqəmsal şəxsiyyət vəsiqəsi
layihəsindən imtina edilməsinə baxmayaraq, hökumət qeyri-qanuni
məşğulluğa qarşı mübarizəni Kir Starmer dövründə əldə olunmuş
nəticələr əsasında davam etdirəcək.
Kir Starmerin planına əsasən, 2029-cu ilədək ölkədə milli
rəqəmsal şəxsiyyət vəsiqəsi tətbiq edilməli idi. Onun istifadəsi
məcburi olmasa da, işləmək hüququnun təsdiqlənməsi üçün zəruri
olunacaqdı.
Müxalifət partiyalarının əksəriyyəti və ifrat sağçı siyasətçilər
bu təşəbbüsü hökumətin vətəndaşların həyatına nəzarəti gücləndirmək
cəhdi kimi qiymətləndirmişdilər. Sonradan hökumət bu sənədin işə
qəbul üçün məcburi olması ilə bağlı niyyətindən geri
çəkilmişdi.
Layihənin üç il ərzində həyata keçirilməsinin dəyəri 1,8 milyard
funt sterlinq (təxminən 2,1 milyard avro) həcmində
qiymətləndirilmişdi.

