Bakıda son bir ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 199 fakt aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Bakıda son bir ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı
199 fakt aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri fasiləsiz davam etdirilir.

Məlumata görə, son bir ay ərzində Bakı şəhərində polis
orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı
ümumilikdə 199 fakt aşkar edilib. Onlardan 192 fakt üzrə Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7
fakt üzrə isə inzibati icraat aparılıb.




Aşkarlanan faktlar üzrə 161 nəfər barəsində həbs və digər
qətimkan tədbirləri seçilib.

Keçirilən tədbirlər nəticəsində qanunsuz dövriyyədən ümumilikdə
372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş və
metamfetamin aşkar edilərək götürülüb.

Hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.