Bakı metrosunda yeni ventilyatorlar quraşdırılır

Baş səhifə

Bakı Metropoliteninin stansiya və tunellərində daha 6 müasir tipli ventilyator quraşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, yeni ventilyatorlar “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında, eləcə də “Əhmədli-Həzi Aslanov”, “Koroğlu-Qara Qarayev”, “Qara Qarayev-Neftçilər”, “Neftçilər-Xalqlar dostluğu” və “Xalqlar dostluğu-Əhmədli” yol mənzillərində istismara verilib.

Qeyd olunub ki, Bakı iqlimi və metropolitenin yerləşdiyi geoloji şərait nəzərə alınmaqla istehsal edilən yeni avadanlıqlar texniki xidmət və elektrik enerjisinə qənaət etməklə yanaşı, köhnə nəsil ventilyatorlarla müqayisədə stansiya və tunelləri 2-3 dəfə daha çox təmiz hava ilə təmin edir.

Ventilyatorların dispetçer tərəfindən təsdiqlənmiş qrafik əsasında mərkəzləşdirilmiş qaydada idarə olunduğu bildirilib.

Aparılan monitorinqlər yeni ventilyatorların stansiyalarda temperaturun aşağı salınmasına, həmçinin stansiya və tunellərin təmiz hava ilə təmin edilməsinə imkan verdiyini göstərib.

Bildirilib ki, 2026-cı ilin ötən dövründə havalandırma şaxtalarında 358 səsboğucu yenisi ilə əvəz olunub. Bundan əlavə, bəzi şaxtalarda təbii havalandırmanın təmin edilməsi məqsədilə dempfer sistemi quraşdırılıb.

Növbəti mərhələdə daha 5 ventilyator, 5 dempfer və 354 səsboğucunun yenilənməsi planlaşdırılır.

Hazırda Bakı Metropoliteninin stansiya və tunellərində ümumilikdə 123 ventilyator fəaliyyət göstərir. Onlardan 113-ü yeni ventilyatorlardır. Qalan 10 ventilyatorun da mərhələli şəkildə müasir analoqları ilə əvəz edilməsi nəzərdə tutulur.

153571115357121535713