
Bakı. Trend:
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsinə (KMBİ) naməlum şəxslərin qadınların sosial şəbəkələrdə
paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə
edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri
müxtəlif sosial media platformalarında yaydıqları və bu
görüntülərin silinməsi müqabilində zərərçəkənlərdən pul tələb
etdikləri barədə məlumatlar daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki
tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31
yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar:
“Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər “TikTok”,
“Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınlara məxsus
fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə
təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta
hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb
silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul
tələb ediblər. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb,
hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub”.
“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt
texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial
şəbəkələrdə paylaşılan foto və videogörüntülər müxtəlif şəxslər
tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə
istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və
videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və
təkliflərə etibar etməmək tövsiyə olunur”, – deyə nazirlikdən
bildirilib.

