Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat təqdim olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə
“Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın
təqdimat mərasimi keçirilib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə BMTM-nin İdarə
Heyətinin sədri Fərid Şəfiyev, Müdafiə Nazirliyinin Beynəlxalq
Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev,
həmin idarənin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi,
polkovnik Abdulla Abdullayev, deputatlar, Müdafiə Nazirliyinin
nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Fərid Şəfiyev çıxışında bildirib ki, Azərbaycan artıq orta güc
statusuna malikdir və bu, son 30 ildə həyata keçirilən ardıcıl
dövlət siyasətinin nəticəsidir.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqeyinin
möhkəmlənməsinin əsasını torpaqların işğaldan azad edilməsi,
iqtisadi inkişaf, uğurlu diplomatiya və güclü ordu təşkil edir.

“Ölkənin əsas məsələsi onun müdafiəsi və təhlükəsizliyidir.
İnsanlar təhlükəsiz şəraitdə yaşamasa, nə iqtisadi inkişaf, nə də
sosial rifah mümkündür. Buna görə də bütün bu uğurların əsasında
Azərbaycan Ordusu dayanır”, – deyə o vurğulayıb.

F.Şəfiyev qeyd edib ki, BMTM ilə Müdafiə Nazirliyi arasında 44
günlük Vətən müharibəsi və digər hərbi-siyasi mövzular üzrə birgə
elmi araşdırmalar aparılır və təqdim olunan hesabat da bu
əməkdaşlığın nəticəsidir.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin
rəisi, general-mayor Elçin Abdullayev isə bildirib ki, Azərbaycan
Ordusu uzun illərdir beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə
töhfə verir.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri Kosovo, Əfqanıstan və
İraqdakı missiyalarda, hazırda isə BMT-nin Cənubi Sudandakı
missiyasında uğurla fəaliyyət göstərirlər.

“Azərbaycan Ordusunun nümayəndələri yüksək peşəkarlıq və
məsuliyyət nümayiş etdiriblər. Bu iştirak təkcə ölkəmizin
beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi deyil, eyni zamanda
Ordumuzun nüfuzunun artması və yeni əməkdaşlıq imkanlarının
formalaşması deməkdir”, – deyə general-mayor bildirib.

O əlavə edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu və
modernləşmə islahatları sülhməramlı bölmələrin döyüş hazırlığının
daha da artırılmasını təmin edir.




Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi
Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi,
polkovnik Abdulla Abdullayev vurğulayıb ki, Azərbaycan hərbçiləri
sülhməramlı missiyalar çərçivəsində strateji əhəmiyyətli
obyektlərin mühafizəsi, mülki əhalinin təhlükəsizliyinin təmin
edilməsi və humanitar fəaliyyətlərə dəstək kimi mühüm vəzifələri
uğurla yerinə yetiriblər.

“Bu missiyalar göstərdi ki, Azərbaycan Ordusunun hərbi
qulluqçuları yalnız yüksək peşəkarlığa malik deyil, həm də müxtəlif
mədəniyyətlərin təmsil olunduğu mühitdə tərəfdaş ölkələrin şəxsi
heyəti ilə vahid komanda kimi fəaliyyət göstərmək bacarığına
sahibdirlər”, – deyə o bildirib.

Polkovnik qeyd edib ki, sülhməramlı missiyalar ordunun döyüş
qabiliyyətinin artırılmasına da mühüm töhfə verir.

“Heç bir təlim müxtəlif ölkələrin hərbi kontingentləri ilə
çiyin-çiyinə xidmət etməyin qazandırdığı real əməliyyat təcrübəsini
əvəz edə bilməz”, – deyə A.Abdullayev əlavə edib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin
Region və Şərq ölkələri ilə əlaqələr şöbəsinin rəisi, polkovnik
Elnur Qocayev isə təqdimat zamanı Azərbaycan Ordusunun müxtəlif
sülhməramlı missiyalarda qazandığı təcrübədən danışıb.

Onun sözlərinə görə, Azərbaycanın ilk sülhməramlı missiyası
1999-cu ildə Kosovoda başlayıb. Sonrakı illərdə Azərbaycan
hərbçiləri Əfqanıstan və İraqda mühüm təhlükəsizlik tapşırıqlarını
yerinə yetirib, 2019-cu ildən isə BMT-nin Cənubi Sudandakı UNMISS
missiyasında hərbi müşahidəçi və qərargah zabiti qismində xidmət
edirlər.

E.Qocayev bildirib ki, NATO-nun Əfqanıstandakı “Qətiyyətli
Dəstək” missiyası başa çatarkən Azərbaycan və Türkiyə
sülhməramlıları birlikdə təxminən 120 min nəfərin təxliyəsində
iştirak edib və Əfqanıstanı ən son tərk edən kontingentlər
sırasında yer alıblar.

“NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində iki hərbi
qulluqçumuz NATO-nun ən yüksək təltiflərindən biri olan “Ləyaqətli
xidmət medalı” ilə təltif edilib”, – deyə polkovnik bildirib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarda
iştirakı təkcə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi deyil,
həm də Ordunun peşəkarlığının artırılması, beynəlxalq tərəfdaşlarla
əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın etibarlı tərəfdaş
kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət
daşıyır. Təqdim olunan hesabatın isə bu fəaliyyətin sistemli
şəkildə öyrənilməsi və gələcək tədqiqatlar üçün mühüm mənbə olacağı
bildirilib.

Sonda hesabat ətrafında müzakirələr aparılıb.