
Bakı. Trend:
“Bu gün müharibələrin davam etdiyi bir zamanda beynəlxalq hüquqa
söykənərək dünyada ədalətin, kövrək atəşkəslərin deyil, davamlı
sülhün təntənəsi, Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu
ilə həlli üçün çalışmalı, dualar etməliyik”.
Bunu Anqola Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxlislam Allahşükür Paşazadə “Sülhə çağırış,
Müharibələrə son qoyulması və Beynəlxalq hüquqa hörmət” təşəbbüsü
çərçivəsində Yüksək səviyyəli dialoqda – “Sülh Alyansı” Sammitində
çıxışı zamanı deyib.
“Yeni Gernikaların, Srebrenitsaların, Xocalıların baş verməməsi
üçün BMT-nin əlaqələndirici rolu və Sivilizasiyalar Alyansının
təşəbbüs və layihələri sayəsində biz, dini liderlər dünyanın daha
əmin-aman, dərin mənəvi sütunlar üzərində daha dayanıqlı, ədalətli
bərqərarı işinə öz töhfələrimizi verə bilərik. Bugünkü mühüm
tədbirin təşkilinə görə Anqola hökumətinə və möhtərəm qardaşım
cənab Moratinosa dərin təşəkkürlərimizi bildirirəm. Əminəm ki,
bugünkü forum dünyada sülhün və əmin-amanlığın bərqərarı işinə öz
layiqli töhfəsini verəcəkdir, inşallah”, – deyə Şeyxlislam
Allahşükür Paşazadə qeyd edib.
O, çıxışı zamanı, həmçininvurğulayıb ki, bəşəriyyətə nazil olmuş
müqəddəs kitablarda əksini tapan ali həqiqətlərdən biri budur ki,
Uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək, bütün
bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir:
“Bəşəriyyətin qan yaddaşında həkk olunmuş milli, irqi, dini
mənsubiyyətinə görə törədilmiş qətliamlar insanlığa qarşı ən böyük
və bağışlanılmaz günahlardandır. Gernika, Srebrenitsa və bu kimi
insanlıq faciələrinin qurbanlarının xatirəsini ehtiramla yad etmək,
Yer üzündə belə faciələrin bir daha baş verməməsi üçün səylərimizi
birləşdirmək bizim insani borcumuzdur”.
QMİ sədri diqqəti Xocalı soyqırımına yönəldərək qeyd edib:
“Kütləvi qətliam cinayətinə məruz qalan xalqlardan biri də
Azərbaycan xalqıdır ki, bu dəhşətli həqiqəti dünya ictimaiyyəti
bilməli, ədalətli qiymətini mütləq verməlidir. Biz hər il 26 fevral
tarixində Azərbaycanın Xocalı şəhərində 1992-ci ildə təcavüzkar
qonşu dövlət tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə
zəminində törədilmiş, 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70
qocanın qətlə yetirilidiyi soyqırımın ildönümünü qeyd edirik”.
Şeyxülislam A.Paşazadə Azərbaycan dövlətinin sülhün təşviqindəki
rolunu vurğulayaraq bildirib:
“Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında
körpülərin qurulması, birgəyaşayışını əks etdirən dəyərli tarixi
təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövlətinin
BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı
ən yüksək səviyyədədir. Dünyada insan qardaşlığında və bəşəri
həmrəyliyə xidmət edən ideya və təşəbbüsləri ilə tanınan Azərbaycan
Prezidenti İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülhün
əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə
görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyi
bizim üçün fəxarət mənbəyidir”.

