14 iyul 1969-cu il Azərbaycanda milli intibahın başlanğıc tarixidir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi
rəhbərliyə başlamasından 57 il ötür. 1969-cu il iyulun 14-də
Ümummilli Liderin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət
həyatının bütün sahələrində tamamilə yeni dövr başladı,
respublikamızda böyük intibahın təməli qoyuldu. Dahi rəhbərin
təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş
İttifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. 1969-cu
ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə
həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın
formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına,
milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək sözün əsl
mənasında həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət
etdi. Bu fikir daim sonsuz qürur hissi ilə vurğulanır ki, Ümummilli
Liderin 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə
xəzinəsidir. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə
üstünlük təşkil etməyə başladığı həmin illər Azərbaycanın quruculuq
salnaməsinin ən parlaq səhifələrindəndir.

Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı
qətiyyətli addımlar o dövrdəAzərbaycan xalqında milli ruhun
canlanmasına xidmət etmiş, özünüdərkə və soykökə qayıdışa zəmin
yaratmış, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına
çevrilmişdir. Prezident İlham Əliyev Ümummilli Liderin dövlətimiz
və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən
“Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət
etmişdir. Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə
Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib
çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı
məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar
müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi
inkişafımızı təmin edirlər” söyləyərək bu reallığı da xüsusi qeyd
edir ki, Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi
hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu
Öndərin Sovet rəhbərliyində tutduğu yüksək vəzifələrindən istefa
verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların
Kremldəki himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin
Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı
məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən
başlamışdır. Şübhə yoxdur ki, həmin dövrdə əgər Heydər Əliyev
hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri belə
çirkin əməllərə əl atmağa cürət etməzdilər. O zaman Ulu Öndərin
gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir
çətir kimi qoruyurdu. 1987-ci ilin oktyabr ayından sonra siyasi
fəaliyyətdən kənarda qalmasına baxmayaraq, Ulu Öndər hər zaman
Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir
döyünürdü.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya
açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, bugünkü Azərbaycan məhz
həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, daha
xoşbəxt gələcəyə doğru uğurla addımlayır. Ölkənin hərtərəfli
inkişafında iqtisadi amilə verilən önəm Ulu Öndər Heydər Əliyevin
hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyəti olmuşdur. İlk
hakimiyyəti dövründə ölkəmizi keçmiş SSRİ məkanında ən geridə
qalmış respublikadan çiçəklənən, inkişaf edən diyara çevirən dahi
şəxsiyyət Heydər Əliyev 1993-cü ildə, yenicə müstəqilliyini bərpa
etmiş Azərbaycanın gələcək taleyinin həll olunduğu ağır bir zamanda
xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdaraq doğma
Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi
ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən
qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün
qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu
dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük əziyyətlər bahasına
öz müstəqilliyini əbədi və dönməz etdi. Dahi rəhbər davamlı
inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin
imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar
açdı. Azərbaycanın iqtisadi inkişafında Ümummilli Lider Heydər
Əliyevin hakimiyyətinin hər iki mərhələsində yaratdığı möhkəm təməl
əhəmiyyətli rol oynayıb. 1969-1982-ci illərdə ən böyük sənaye
obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun
formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr
hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni
potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara
yiyələnməsi məqsədilə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi
məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və
digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar
Ulu Öndər Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.

Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra Azərbaycanın malik olduğu iqtisadi
potensialdan səmərəli istifadənin təmin edilməsi məqsədilə “Əsrin
müqaviləsi”nin imzalanması bu gün ölkəmizin dünya çapında iqtisadi
və siyasi mövqeyini daha da möhkəmləndirir. Ümummilli Lider hələ o
vaxtlar iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməklə
bu gün qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı
addımların atılmasına geniş imkanlar yaratdı. Ulu Öndərin Fərmanı
əsasında 1999-cu ildə yaradılan Dövlət Neft Fondu bu gün müstəqil
Azərbaycan Respublikasında neft gəlirlərindən səmərəli istifadəni,
şəffaflığın qorunmasını təmin edir. Bütün dövrlərin təhlili Ulu
Öndərin vaxtilə böyük uzaqgörənliklə bəyan etdiyi bu reallığı
təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə
qadirdir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın yeni inkişaf
mərhələsinin əsası, qurtuluş tarixinin başlanğıcı kimi
dəyərləndirilən 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyev
respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan
istifadə etmişdir. Məqsədyönlü qərarları ilə çox qısa müddətdə
ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin
inkişafında böyük sıçrayışa nail olmuşdur. Həmin illər, eyni
zamanda, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği dövrü
kimi xarakterizə edilir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin
azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan Azərbaycan
dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı davamlı
addımlara diqqət yetirmək kifayətdir. Azərbaycan dilinin dövlət
dili kimi hüquqi status alması məsələsində dahi şəxsiyyətin
misilsiz xidmətləri vardır. 1978-ci ildə qəbul olunmuş Azərbaycan
SSR Konstitusiyasının 73-cü maddəsinə Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir” müddəası daxil edilmişdir. Bu, həmin dövr
üçün son dərəcə cəsarətli addım idi və ana dilimizin hüquqi
müstəvidə tanınmasının təməlini qoyurdu. Müstəqil Azərbaycanın ilk
Konstitusiyasında da bu prinsip qorunub saxlanılmışdır. 1995-ci
ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyanın 21-ci
maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

Ulu Öndərin tariximizin, milli-mənəvi dəyərlərimizin,
ədəbiyyatımızın, mədəniyyətimizin qorunması, təbliği istiqamətində
gördüyü işlər ölçüyəgəlməzdir. Təbii ki, dahi rəhbərin bütün bu
addımları dövlətinə, xalqına sevgisindən, Azərbaycanı hər zaman
zirvələrdə görmək istəyindən irəli gəlirdi. Hər zaman dönə-dönə
vurğulandığı kimi, Ümummilli Lider Heydər Əliyev artıq dillər
əzbəri olan “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq
bütün dünya azərbaycanlılarını vahid amal ətrafında sıx
birləşdirdi,

Millət vəkili bildirib ki, uğurlarımız, Azərbaycanın bugünkü
reallıqları Ümummilli Lider Heydər Əliyevin adı və titanik
fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətinin birinci
dövründə, həmçinin fəaliiyətinin Naxçıvan mərhələsində Azərbaycanın
bu günü, müstəqil gələcəyi üçün mühüm addımlar atıb. Bu gün hansı
sahəyə nəzər salsaq Heydər Əliyev siyasətinin uğurlarını görərik.
Son 22 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli
inkişafını şərtləndirdi, ən əsası dahi şəxsiyyətin ən böyük arzusu
olan torpaqlarımızın azad edilməsini reallaşdırdı. Bu gün Ümummilli
Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın uğurlarından
bəhs edərkən Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham
Əliyevin təkmil siyasəti nəticəsində bu təqdimata əlavə edilən
qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə ifadəsini qürurla
işlədirik. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə
Azərbaycan Bayrağının dalğalanması, Qarabağımızın, Şərqi
Zəngəzurumuzun diplomatik mərkəzə çevrilməsi hər birimiz üçün
sonsuz qürur, sevinc mənbəyidir. Azad edilmiş torpaqlarımız cənnət
məkana çevrilir. Onların malik olduqları iqtisadi potennsialdan
səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafına
töhfələrin verilməsi üçün Dövlət proqramları, Milli Prioritetlər
icra edilir. Azad edilmiş torpaqlarımız müasir tələblər əsasında
qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu qürurverici məqamı
da xüsusi qeyd etməliyik ki, artıq bir ilə yaxındır ki, sülh
şəraitində yaşayırıq. Azərbaycan sülh gündəliyinin müəllifi, onu
gercəkliyə çevirən ölkə kimi dünyanın diqqətindədir.

Vüqar Rəhimzadə qeyd etdikləri fonunda bu ümumiləşdirməni aparıb
ki, Ulu Öndər Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövlətini
yaratmaqla kifayətlənmədi, həmçinin bu dövlətin gələcək inkişaf
konsepsiyasını müəyyənləşdirdi. İctimai sabitliyin davamlı prosesə
çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən
yeni neft strategiyasının hazırlanması və uğurlu icrası, qeyri-neft
sektorunun inkişaf etdirilməsi və sair kimi proseslər Ulu Öndərin
dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Onun siyasi
fəaliyyəti Azərbaycana xidmətin ən təkmil nümunəsidir. Bu siyasi
xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan zirvələri fəth edir, yeni zəfərlərə imza atır. Qarabağ
münaqişəsinin tarixə qovuşması ilə regionda dayanıqlı sülhün,
təhlükəsizliyin yaradılmasına nail olan Azərbaycan dövləti
Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, yeni-yeni
hədəflərə doğru daha böyük inamla addımlayır.