Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq geostrateji baxımdan da əhəmiyyətlidir – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan-Latviya
münasibətlərinin məzmununda yeni çalarların formalaşdığını
göstərdi. Aprelin 22-də verilən bəyanatlar təkcə ikitərəfli
əməkdaşlığın cari vəziyyətini deyil, həm də gələcək inkişaf
istiqamətlərini aydın şəkildə ortaya qoydu.

Bu fikirləri Trend
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov
səsləndirib.

Millət vəkilinin fikrincə, bu görüşü fərqləndirən əsas məqam
siyasi dialoqla iqtisadi əməkdaşlığın və regional təhlükəsizlik
gündəliyinin eyni platformada uzlaşdırılması oldu: “Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyin müxtəlif
aspektləri, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələlər
geniş müzakirə edildi. Bu yanaşma göstərir ki, Azərbaycan-Latviya
münasibətləri artıq yalnız klassik diplomatik münasibətlər formatı
ilə məhdudlaşmır, regional və qlobal proseslərə dair fikir
mübadiləsini də əhatə edir. Xüsusilə Cənubi Qafqaz və Baltik
regionlarında təhlükəsizlik məsələlərinin müzakirəsi tərəflərin
siyasi dialoqunun keyfiyyətcə yeni mərhələyə keçdiyini
təsdiqləyir”.

Bu kontekstdə sülh prosesi ilə bağlı qarşı tərəfə çatdırılan son
məlumatlara ayrıca diqqət çəkildiyini vurğulayan K.Qafarov deyib:
“Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət
dinamika, ticarət təmaslarının yaranması, vətəndaş cəmiyyəti
dialoqunun başlanması regionda sabitliyin möhkəmlənməsi üçün yeni
imkanlar açır. Bu prosesin Avropa tərəfdaşları ilə müzakirə
edilməsi Azərbaycanın regional sülh gündəmini beynəlxalq dəstək
müstəvisində təqdim etmək strategiyasının tərkib hissəsi kimi
görünür. İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti iqtisadi
sahədir. Son illər qarşılıqlı ticarətin mövcud potensialı tam əks
etdirmədiyi vurğulansa da, bu sahədə dönüş yaratmaq üçün real
imkanların mövcudluğu açıq görünür. Sərmayə qoyuluşu, innovasiya,
logistika, nəqliyyat və sənaye kooperasiyası üzrə perspektivlər
kifayət qədər genişdir. Azərbaycanın artan investisiya imkanları və
Latviyanın Avropa bazarları ilə inteqrasiya üstünlükləri bu
əməkdaşlığı daha praktik nəticələrə yönəldə bilər. Bu baxımdan
Azərbaycan-Latviya biznes-forumu xüsusi əhəmiyyət daşıyır. Forumda
praktiki müqavilələrin, yeni tərəfdaşlıqların və birgə layihələrin
müzakirəsi iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidi
üçün mühüm siqnal sayıla bilər. Lakin Baltik regionu ilə Cənubi
Qafqaz arasında əməkdaşlıq yalnız iqtisadi deyil, həm də
geostrateji baxımdan əhəmiyyətlidir. Avropanın enerji
təhlükəsizliyi, tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsal
iqtisadiyyat və yaşıl keçid kimi sahələrdə Bakı ilə Riqa arasında
maraqların üst-üstə düşməsi bunu təsdiqləyir. Xüsusilə
nəqliyyat-kommunikasiya layihələri fonunda Azərbaycan Şərq-Qərb
bağlantısında mühüm həlqə kimi çıxış edir və bu amil Latviya üçün
də əlavə imkanlar yaradır”.