Azərbaycanda sənaye istehsalı 33 milyard manatı ötüb

Baş səhifə

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 71 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye istehsalı real ifadədə 0,1 faiz artıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.

Məlumata görə, hesabat dövründə neft-qaz sektorunda 22 milyard 301,4 milyon manatlıq məhsul istehsal olunub. Bu sahədə istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalıb.

Qeyri-neft-qaz sektorunda isə 10 milyard 769,6 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Bu sektorda istehsal 4,1 faiz artıb.

Sənaye məhsulunun sahələr üzrə bölgüsündə mədənçıxarma sənayesi 60,6 faizlə ilk yerdə qərarlaşıb. Emal sənayesinin payı 33 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 5,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı isə 1 faiz təşkil edib.

Hesabat dövründə emal sənayesində 10 milyard 912,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Emal sənayesinin strukturunda ən böyük pay neft məhsullarının istehsalına məxsus olub. Bu sahə ümumi emal sənayesinin 26,6 faizini təşkil edib. Qida məhsullarının istehsalının payı 25,1 faiz, emal sənayesinin digər sahələri 23,7 faiz, kimya sənayesi 7,5 faiz, tikinti materiallarının istehsalı 6,5 faiz, tütün məmulatlarının istehsalı 5,4 faiz, metallurgiya sənayesi isə 5,2 faiz olub.

Statistikaya əsasən, emal sənayesində ən yüksək artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında qeydə alınıb. Bu sahədə istehsal 2,2 dəfə artıb.

Bundan başqa, əczaçılıq məhsullarının istehsalı 35,5 faiz, toxuculuq sənayesi 34 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 20,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 20,5 faiz, tütün məmulatlarının istehsalı 19,4 faiz, kağız və karton istehsalı 11,1 faiz, qida məhsullarının istehsalı 9,9 faiz, metallurgiya sənayesi 6,6 faiz, tikinti materiallarının istehsalı isə 4,7 faiz artıb.