Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? – Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Baş səhifə

Bakı.Trend:

Elektron ticarətin geniş yayılması kosmetik məhsulların onlayn
satışının həcmini artırıb. Bununla yanaşı, onlayn alış-veriş zamanı
məhsulun fiziki vəziyyətini, qablaşdırılmasını, saxlanma şəraitini
və təhlükəsizlik göstəricilərini əvvəlcədən qiymətləndirmək mümkün
olmadığından istehlakçılar daha diqqətli olmalıdırlar.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin Respublika
Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və
ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov
açıqlayıb.

Onun sözlərinə görə, sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq
məhsullarının ölkə ərazisinə idxalı zamanı Səhiyyə Nazirliyi
Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik
sertifikatlaşdırma həyata keçirilir:“Gigiyenik sertifikat –
məhsulun, maddənin, avadanlığın və ya vasitənin qüvvədə olan
sanitariya qaydalarına, gigyena normativlərinə uyğun olduğunu və
insan sağlamlığı üçün təhlükəsiz hesab edildiyini təsdiq edən rəsmi
sənəddir.




Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının
qorunması, məhsulların təhlükəsizliyinin təmin olunması və əhalinin
sağlamlığı üçün risk yarada biləcək amillərin qarşısının
alınmasıdır. Bununla yanaşı, istehlakçılar, xüsusilə onlayn
alış-veriş zamanı məhsulun mənşəyinə, satıcının etibarlılığına və
məhsul haqqında məlumatlara xüsusi diqqət yetirməlidirlər. Bu
baxımdan istehlakçılara kosmetik məhsulları yalnız istehsalçının
rəsmi internet səhifələrindən, rəsmi distribütorlardan və etibarlı
satış platformalarından əldə etmələri, məhsul qəbul edilərkən isə
qablaşdırmanın bütövlüyünü, seriya (Batch Code) nömrəsini və son
istifadə tarixini diqqətlə yoxlamaları tövsiyə olunur. Bununla
yanaşı, onlayn satış zamanı bir sıra təhlükəsizlik riskləri də
nəzərə alınmalıdır. Rəsmi və etibarlı mağazalardan alış-veriş
etdikdə risk çox aşağıdır. Lakin şübhəli saytlardan alınan
məhsullar ciddi sağlamlıq problemlərinə yol aça bilər”.

O.İmayılov bildirib ki, saxta məhsullarda civə, qurğuşun və ya
arsen kimi ağır metalların normadan artıq miqdarda olması istisna
edilmir ki, bu da insan sağlamlığı üçün risk yarada bilər: “Eyni
zamanda, məhsulların anbarlarda və ya daşınma zamanı istehsalçı
tərəfindən müəyyən edilmiş saxlanma şəraitinə əməl olunmadan
əlverişsiz şəraitdə saxlanıldıqa (yüksək temperatur və ya rütubətin
təsirinə məruz qalması) onların tərkibinin dəyişməsinə və
bakteriyaların çoxalmasına səbəb ola bilər”.