“Azər – Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü

Baş səhifə

Bakı. Trend:

Bankın əməliyyat mənfəəti 30% artmışdır.

2026-cı ilin ilk 6 ayı ərzində “Azər-Türk Bank”ın xalis mənfəəti
ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artaraq 10,3 milyon
manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil
etmişdir.

Bankın kapitalı 14,5 milyon manat artaraq 128,5 milyon manata
yüksəlmiş, depozit portfeli isə 30% artaraq 1,5 milyard manata
çatmışdır.

Hesabat dövrünün sonuna Bankın aktivləri 129,8 milyon manat
artaraq 2 milyard manatı, kredit portfeli isə 828 milyon manatı
keçmişdir.

2026-cı ilin ilk altı ayında Bankın gəlirləri 92,5 milyon manat,
o cümlədən faiz gəlirləri 69,8 milyon manat, qeyri-faiz gəlirləri
isə 22,7 milyon manat təşkil etmişdir.

Hesabat dövründə ATB beynəlxalq mükafata layiq görülüb

Hesabat dövründə “Azər-Türk Bank” beynəlxalq nüfuza malik
Capital Finance International (CFI.co) nəşri tərəfindən “Green
Banking Sustainability Pioneer Azerbaijan 2026” (“Azərbaycanda
Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank – 2026”)
mükafatına layiq görülüb. Bu mükafat bankın dayanıqlı inkişaf və
ESG prinsiplərini fəaliyyətinə uğurla inteqrasiya etməsinin, yaşıl
maliyyələşdirmənin inkişafına verdiyi töhfənin və dayanıqlı maliyyə
ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi
fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin
göstəricisidir.

Bank ilin ən nüfuzlu IFBS 2026 forumunun rəsmi tərəfdaşı
oldu




Həmçinin Bank Bakıda keçirilən və regionun aparıcı maliyyə-bank
tədbirlərindən biri olan “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti
2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” (IFBS 2026)
forumunda rəsmi tərəfdaş qismində iştirak etmişdir. Azərbaycan
Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası və
Türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə keçirilən
forum qlobal maliyyə trendlərinin, regional əməkdaşlığın, ödəniş
sistemlərinin inteqrasiyasının və beynəlxalq tərəfdaşlığın
inkişafının müzakirəsi üçün mühüm platforma olmuşdur.

Dövlət proqramlarında qarşıya qoyulmuş hədəflərin
reallaşdırılmasına dəstək

Hesabat dövründə “Azər-Türk Bank” Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikasının Uşaqlara dair
2020–2030-cu illər üçün Strategiyası” və “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”
haqqında müvafiq sərəncamlarından irəli gələn hədəflərin həyata
keçirilməsinə dəstəyini davam etdirmişdir. Bu çərçivədə Bank
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə talassemiya
xəstəsi uşaqlara dəstək məqsədilə qanvermə aksiyası təşkil etmiş,
əməkdaşları isə aksiyada könüllü iştirak etmişlər.

Eyni zamanda, Bank təhsil və gənclərin inkişafına yönəlmiş
təşəbbüslərini genişləndirərək Bakı Ali Neft Məktəbi (BANM) ilə
Anlaşma Memorandumu imzalamışdır. Memorandum elm və təhsilin
istehsalatla inteqrasiyasını, tələbələrin təcrübə proqramlarının
təşkilini və gənc mütəxəssislərin məşğulluğunu nəzərdə tutur.
Təhsilə və gənclərin inkişafına verdiyi davamlı töhfəyə görə
“Azər-Türk Bank” cari ildə Azərbaycan Banklar Assosiasiyası
tərəfindən “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə mükafata
layiq görülmüşdür.

Enerji effektivliyi üzrə layihələrin həyata keçirilməsində birgə
fəaliyyət

Bu ilin aprel ayında daha bir əhəmiyyətli saziş imzalanmışdır.
Ölkədə enerji ehtiyatlarından səmərəli istifadəni və enerji
effektivliyini dəstəkləmək məqsədi ilə ‘Azər – Türk Bank’ və Enerji
Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müqavilə
bağlanmışdır.

Bu sazişdə əsas məqsəd bankla əməkdaşlıq vasitəsilə Fondun
vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata
keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin
verilməsidir.