
Bakı. Trend:
Qazaxıstan və Azərbaycan neft təchizat zəncirlərinin
optimallaşdırılması üzərində fəal iş aparır.
Bunu Trend-ə “KQM
Kaşaqan B.V”şirkətinin baş direktorunun kommersiya məsələləri üzrə
müavini Kuanış Keskinbayev Bakıda keçirilən II Xəzər və Mərkəzi
Asiya neft ticarəti və logistikası forumu çərçivəsində verdiyi özəl
müsahibədə bildirib.
“Bizim işlədiyimiz ümumi saziş mövcuddur. Bu saziş çərçivəsində
tranzit həcmlərinin artırılması istiqamətində daimi əsaslarda iş
aparırıq. Lakin açıq desək, ən əsas məsələ marşrutun iqtisadi
səmərəliliyidir. Çünki bu, çox uzun və multimodal bir marşrutdur və
biz hazırda bu məsələnin həlli üzərində fəal işləyirik”, – deyə
Keskinbayev qeyd edib.
O həmçinin, Qazaxıstan neftinin Azərbaycan üzərindən mövcud
tədarük həcmlərinə aydınlıq gətirib:
“Kaşaqan yatağından ildə təxminən 250 min ton nefti Azərbaycan
üzərindən nəql edirik, Tengizdən isə təxminən 1,5 milyon ton”, – o
bildirib.
Yeni layihələrin perspektivlərindən danışan Keskinbayev qeyd
edib ki, hal-hazırda iri həcmli yeni təşəbbüslərin başlanması
planlaşdırılmır.
Bununla belə, o, Tengiz yatağında hasilatın genişləndirilməsini
xatırladıb:
“Tengizdə genişləndirmə çərçivəsində üçüncü nəsil zavod
istifadəyə verilib ki, bu da illik hasilatın 10–11 milyon ton
artırılmasına imkan yaradıb”, – deyə o əlavə edib.


