
Bakı. Trend:
2025/2026-cı tədris ili Qarabağ Universitetində sürətli
institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi
fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın
gücləndirilməsi və tələbə nailiyyətləri ilə zəngin mühüm mərhələ
olmuşdur. İki il əvvəl fəaliyyətə başlayan bu təhsil müəssisəsi
başa vurduğumuz tədris ilində müasir, tələbəmərkəzli,
tədqiqatəsaslı və beynəlxalq əməkdaşlığa açıq universitet modelinin
formalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir.
Qarabağ Universitetinin sürətli inkişafının əsasında Azərbaycan
Prezidenti İlham Əliyevin universitetə xüsusi diqqəti və davamlı
dövlət dəstəyi dayanır. Dövlət başçısının 2025-ci ildə iki dəfə
universitetdə olması, Qarabağ Universitetinin Klinikası və Tibb və
sağlamlıq elmləri fakültəsinin tədris korpusunun, Biznes və
iqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı,
Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması
universitetin inkişafına verilən strateji əhəmiyyətin bariz
ifadəsidir.
Keyfiyyətli tələbə kontingenti və sürətli institusional
inkişaf
2025/2026-cı tədris ilinin mühüm nəticələrindən biri yüksək
akademik göstəricilərə malik gənclərin Qarabağ Universitetinə
marağının artması olmuşdur. 600-dən çox bal toplamış 127
abituriyent bu universiteti seçmişdir. Əvvəlki tədris ilində bu
göstəricinin 101 nəfər olması qəbul keyfiyyətində müsbət dinamikanı
göstərir.
Ümumilikdə 500-dən çox bal toplamış 332 gənc, 400-dən çox nəticə
göstərmiş 613 gənc Qarabağ Universitetinin tələbəsi adını
qazanmışdır. Universitetə qəbul olunan ən yüksək nəticəli tələbə
684 bal toplamışdır. Respublika fənn olimpiadalarının beş qalibinin
müsabiqədənkənar qaydada universitetə qəbul olunması da istedadlı
gənclərin artan marağının göstəricisidir.
İlk dəfə tələbə qəbulu aparılan “Tibb” ixtisasında keçid balının
614,6, “Tibb bacısı (qardaşı) işi” ixtisasında 490,6 bal olması
yeni akademik proqramlara yüksək marağı nümayiş etdirmişdir.
İncəsənət fakültəsində “İnstrumental ifaçılıq” və “Musiqi
müəllimliyi” ixtisasları üzrə qəbul göstəriciləri də ölkə üzrə
yüksək nəticələr sırasında yer almışdır.
Tələbə sayının 2143-ə çatması, akademik və inzibati heyətin 400
nəfəri ötməsi, kadr hazırlığı həyata keçirilən ixtisasların sayının
25-dən 34-ə yüksəlməsi Qarabağ Universitetinin qısa müddətdə böyük
ali təhsil müəssisəsinə çevrilmək istiqamətində sürətlə
irəlilədiyini göstərir. Universitetin əməkdaşları sırasında 5
xarici ölkə vətəndaşının yer alması isə formalaşmaqda olan
beynəlxalq akademik mühitin və müxtəlif təcrübələrin tədris
prosesinə cəlb olunmasının təzahürlərindən biridir.
Akademik keyfiyyət və beynəlxalq standartlara uyğun
təhsil
Ən mühüm nailiyyətlərdən biri Biznes və iqtisadiyyat
fakültəsinin “Mühasibat” və “Maliyyə” proqramlarının ACCA
tərəfindən beynəlxalq akkreditasiyadan keçməsi olmuşdur.
Akademik keyfiyyət tələbələrin beynəlxalq peşə imtahanlarındakı
uğurlarında da özünü göstərmişdir. Biznes və iqtisadiyyat
fakültəsinin bir tələbəsi ACCA-nın “Financial Management”
imtahanında Azərbaycan, Türkiyə və Gürcüstan regionu üzrə birinci,
dünya üzrə beşinci yeri tutmuş, digər tələbəmiz “Financial
Reporting” imtahanında region üzrə birinci nəticə göstərmişdir.
İqtisadiyyat ixtisası üzrə bakalavriat proqramının Oksford
Universitetinin iqtisadçı alimləri ilə birgə hazırlanması akademik
məzmunun beynəlxalq təcrübə əsasında yenilənməsinin mühüm
nümunəsidir.
Qarabağda yeni tibbi təhsil və klinik ekosistemin
qurulması
2025/2026-cı tədris ilinin mühüm yeniliklərindən biri Qarabağ
Universitetində tibbi təhsilin və klinik fəaliyyətin əsasının
qoyulması olmuşdur.
Tibb və sağlamlıq elmləri fakültəsində beynəlxalq təcrübə
əsasında hazırlanmış kompetensiyaya əsaslanan 6 illik “Tibb” və 4
illik “Tibb bacısı (qardaşı) işi” proqramlarının tədrisinə
başlanılmışdır.
Tədris proqramına “İncəsənət və humanitar elmlər” komponentinin
daxil edilməsi gələcək həkimlərin peşə bilikləri ilə yanaşı,
kommunikasiya, komanda işi, yaradıcı düşünmə və özünüifadə
bacarıqlarının inkişafına xidmət edir.
Qarabağ Universitetinin Klinikasının fəaliyyətə başlaması
tələbələrin klinik təcrübəsi üçün yeni imkanlar yaratmaqla yanaşı,
Qarabağ regionunda müasir səhiyyə ekosisteminin formalaşdırılmasına
mühüm töhfədir.
Elmi-tədqiqat fəaliyyətində yeni mərhələ
Qarabağ Universitetinin qısa müddətdə mühüm irəliləyiş əldə
etdiyi istiqamətlərdən biri elmi-tədqiqat fəaliyyətidir.
Scopus bazasında indekslənən nəşrlərin sayı 2024-cü ildə 6,
2025-ci ildə 26, 2026-cı ilin ilk altı ayında isə 30 olmuşdur.
Beləliklə, 2024-2026-cı illərdə Scopus bazasında məqalələrin sayı
62-yə çatmış, həmin nəşrlərə 139 istinad edilmişdir. 2026-cı ilin
ilk yarısında dərc olunan 30 məqalə artıq 2025-ci ilin tam illik
göstəricisini üstələmişdir.
Elmi nəticələr keyfiyyət və beynəlxalq səviyyə baxımından da
diqqət çəkir. Universitet əməkdaşlarının tədqiqatları “Evolution
Equations and Control Theory”, “PLoS ONE”, “Journal of
Environmental Management”, “Scientific Reports”, “ACS Omega”, “IEEE
Access” və “RSC Advances” kimi beynəlxalq elmi jurnallarda dərc
edilmişdir.
Təhsil, sənaye və əmək bazarı arasında yeni əməkdaşlıq
imkanları
Qarabağ Universitetində təhsilin real iqtisadiyyat və əmək
bazarı ilə əlaqələndirilməsi inkişaf modelinin əsas
istiqamətlərindəndir.
SOCAR ilə imzalanmış əməkdaşlıq müqaviləsi təhsil, tədqiqat,
innovasiya və sənaye əməkdaşlığının inkişafı üçün strateji
platforma yaratmışdır.
Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində 100-dən
artıq tələbənin bankın baş ofisi və müxtəlif filiallarında təcrübə
keçməsi onların real iş mühiti ilə erkən mərhələdə tanışlığına
imkan vermişdir.
Dövlət Vergi Xidməti ilə əməkdaşlıq nəticəsində 22 tələbə vergi
orqanlarında könüllülük fəaliyyətinə cəlb olunmuşdur. Hüquqşünaslıq
ixtisası üzrə tələbələr üçün Milli Məclis, Ali Məhkəmə və
Məhkəmə-Hüquq Şurasında təcrübə imkanları yaradılmışdır.
Tələbəmərkəzli yanaşma və zəngin universitet
həyatı
Tələbələrin elmi və yaradıcı potensialının üzə çıxarılması,
tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlbi də tələbəmərkəzli
yanaşmanın mühüm istiqamətidir. Pedaqoji fakültənin təşkilatçılığı
ilə “Süni intellektlə təhsilin yenidən formalaşdırılması”
mövzusunda “EDU-con 2026” I tələbə elmi konfransı və Mühəndislik
fakültəsinin təşkilatçılığı ilə “Gələcəyin Mühəndisi” tələbələrin I
Elmi-Texniki konfransı keçirilmişdir. Bu platformalar tələbələrə
araşdırma və innovativ ideyalarını təqdim etmək, akademik
müzakirələrdə iştirak etmək və tədqiqat bacarıqlarını inkişaf
etdirmək imkanı vermişdir.
İnkişafın yeni mərhələsinə doğru
Əldə olunan nəticələr 2026/2027-ci tədris ilinə daha böyük
hədəflərlə qədəm qoymaq üçün möhkəm zəmin yaratmışdır. Bakalavriat
səviyyəsi üzrə ixtisasların sayının 49-a çatdırılması və 1403
tələbənin qəbulu nəzərdə tutulur. Qəbul yalnız dövlət sifarişi
əsasında və əyani təhsil forması üzrə həyata keçiriləcək. Plan
yerlərinin 758-i Azərbaycan, 645-i ingilis bölməsi üzrə müəyyən
edilmişdir. İngilis dilində tədris imkanlarının genişləndirilməsi
universitetin beynəlmiləlləşmə strategiyasının və qlobal akademik
məkana inteqrasiya hədəfinin mühüm istiqamətidir.
Yeni tədris ilinin ən mühüm strateji yeniliklərindən biri
Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti ilə birgə 4
mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramlarının
həyata keçirilməsi olacaqdır. Dünyanın qabaqcıl texniki
universitetlərindən biri ilə reallaşdırılacaq proqramlar Qarabağ
Universitetində mühəndislik təhsilinin beynəlxalq standartlar
əsasında inkişafı, qabaqcıl akademik təcrübənin mənimsənilməsi və
qlobal əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması
baxımından yeni mərhələnin başlanğıcıdır.
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru

