
Bakı. Trend:
İran əsasən yayda Azərbaycan vasitəsi ilə Rusiyanın cənubundan
məhdud şəkildə elektrik idxal etmək niyyətindədir.
Bu, İranın Energetika Nazirliyinin məlumatında öz əksini
tapıb.
13 iyulda İranın energetika naziri Abbas Əliabadi Tehranda
Rusiyanın energetika naziri Sergey Tsivilyevlə görüşərək danışıqlar
aparıb.
“Görüşdə 2019-cu ildə İranın “Monenko” şirkəti tərəfindən
aparılan iqtisadi araşdırmanın nəticələri nəzərə alınaraq
Azərbaycan vasitəsilə İran və Rusiyanın elektrik şəbəkəsinin
sinxronlaşdırılması diqqət mərkəzində saxlanılıb. Üç ölkənin
energetika nazirləri arasında üçtərəfli işçi qrupunun təşkil
olunmasının önəmi qeyd olunub. Şərait yarandığı halda Rusiyanın
cənubundan xüsusilə yayda elektrikin İrana nəql edilməsinin
mümkünlüyü nəzərdən keçirilib”, – deyə məlumatda qeyd olunur.
Görüşdə İranın energetika naziri Abbas Əliabadi bildirib ki,
İran və Rusiya arsında birgə işçi qrupunun təşkil olunması üzrə
razılıq əldə olunub. Bu işçi qrupu birgə layihələrin
irəlilədilməsi, o cümlədən iki ölkənin elektrik şəbəkəsinin
sinxronlaşdırılmasına şərait yaradacaq.
Görüşdə Rusiyanın energetika naziri Sergey Tsivilyev də iki
tərəfin bərpa oluna bilən enerjilər, elektrik enerjisinin ehtiyatda
saxlanılması, elektrik enerjisinin nəqli layihələrinə önəm
verdiyini bildirib və deyib ki, İranın Sirik İstilik Elektrik
Stansiyasının tikilməsi ilə əlaqədar bəzi məslələr
araşdırılmaqdadır. Podratçı şirkətlər müqavilə əsasında layihə
çərçivəsində işləri davam etdirir. İki ölkənin energetika
nazirliklərinin əməkdaşlığı ilə bu stansiyanın tikintisi ilə
əlaqədar mövcud problemlərin aradan qaldırılması istiqamətində
addımların atılacağı gözlənilir.
Qeyd edək ki, İranda yay aylarında elektrik çatışmazlığı pik
həddə çatır. İran bir sıra yerli planlar həyata keçirməklə qonşu
ölkələrdən idxalla elektrik enerjisi çatışmazlığının aradan
qaldırılması istiqamətində səylər göstərir.
Bildirək ki, iyun ayının ortalarında İranın energetika naziri
Abbas Əliabadi bildirib ki, hazırda ölkənin elektrik
stansiyalarının elektrik istehsalı potensialı 100 min 500 meqavatı
keçib. Hazırkı hökumətin (İranın hazırkı hökuməti avqust 2024-dən
iqtidardadır) sonuna qədər İranın elektrik istehsalı potensialının
130 min meqavata yüksəldilməsinə səy göstərilir.

