Bakı. Trend:
8-9 iyul tarixlərində ABŞ-nin İrana hərbi hava hücumları
nəticəsində 17 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin
ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Hüseyn Kermanpur “X”
sosial şəbəkəsində yazıb.
“8-9 iyul tarixlərində ABŞ İranın 6 şəhərinə hərbi hava
hücumları həyata keçirib. Nəticədə 17 nəfər ölüb ki, onlardan biri
qadındır”, – deyə o bildirib.
Kermanpur əlavə edib ki, hərbi hava hücumları nəticəsində 115
nəfər yaralanıb. Yaralılardan 2 nəfəri qadındır.
Nazirlik rəsmisi deyib ki, sözügedən müddətdə 14 cərrahiyyə
əməliyyatı keçirilib və 102 nəfər müalicə olunaraq evə
buraxılıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 9 iyulda
verdiyi açıqlamada qeyd edib ki, Mərkəzi Komandanlıq qüvvələri
Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki
dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətmək məqsədilə
İrana qarşı əlavə bir hücum həyata keçirib. ABŞ qüvvələri İranın
təxminən 90 hərbi hədəfinə zərbə endirib.
İran da Bəhreyn və Küveytdə ABŞ-nin hərbi mərkəzlərini atəşə
tutduğunu bildirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

