İran sahillərində türk gəmisi qəzaya uğrayıb- ekipaj üzvləri təxliyə edilib – VİDEO

Baş səhifə

Bakı.Trend:

Türkiyənin “Lora Shipping” şirkətinə məxsus olan və Sent-Kits və
Nevis bayrağı altında üzən LUNI yük gəmisi İranın Bəndər Abbas
liman şəhərinin sahilləri yaxınlığında qismən batıb.

Bu barədə İranın Hörmüzqan əyalətinin Limanlar və Dəniz
Gəmiçiliyi İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, hadisə barədə bildiriş iyulun 14-də
yerli vaxtla saat 02:00 radələrində daxil olub. Hadisə Keşm
adasının şimalında baş verib.




Toqquşma nəticəsində quru yük gəmisinin gövdəsinin orta hissəsi
ciddi zədələnib və gəmiyə su dolmağa başlayıb. Qəza vəziyyətinin
ağırlaşması ilə əlaqədar kapitan gəmini tərk etmək əmri verib.

Hörmüzqan əyalətinin Dəniz Xilasetmə və Əlaqələndirmə Mərkəzinin
koordinasiyası ilə hadisə yerinə losman kateri və yedək gəmisi cəlb
olunub. Gəmidə olan 23 dənizçinin hamısı uğurla Keşm adasına
təxliyə edilib. İran KİV-lərinin məlumatına görə, ekipaj üzvlərinin
hamısı xarici ölkə vətəndaşlarıdır.