Mətbuat marginallaşdırılmış xalqlar haqqında təsəvvürü dəyişə bilər – “Musulmans en France”

Baş səhifə

Bakı.Trend:

Mətbuat marginallaşdırılmış xalqlar haqqında təsəvvürün
dəyişdirilməsi üçün mühüm alətə çevrilə bilər.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu “Musulmans en France”
fransız xəbər portalının təsisçisi Jan-Mişel Brun Bakıda keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər”
mövzusunda beynəlxalq konfransda deyib.

“Müstəmləkəçilik cinayətdir. Lakin Fransanın bəzi prezidentləri
bunun əksini iddia ediblər. Onlar törətdikləri cinayətləri
məsuliyyətdən yayınmaq və ictimaiyyətə qəbul etdirmək məqsədilə
fərqli şəkildə təqdim etməyə çalışıblar. Bu cür yanaşma bütün
müstəmləkəçi dövlətlərdə müşahidə olunub. Xüsusilə mətbuat
müstəmləkəçiliyi olduğu kimi göstərməyib, əksinə, ona haqq
qazandırıb və müsbət kolonial obraz formalaşdırıb.

1880-ci ildə Fransa mətbuatı müstəmləkəçiliyi Fransanın “sivilizasiya missiyası” kimi təqdim edir, onu tərəqqiyə aparan yol
kimi göstərirdi. Guya xəstəxanalar, məktəblər tikilir,
təhlükəsizlik səviyyəsi yaxşılaşdırılırdı. Əslində isə bütün bunlar
həmin ərazilərin istismarı və yerli əhalinin iztirablarının daha da
artırılması üçün istifadə olunurdu.

Mətbuat bu kolonial obrazın formalaşdırılmasında fəal iştirak
edib”, – deyə o bildirib.

Brun qeyd edib ki, müstəmləkəçi mətbuat Əlcəzairdə, Qvianada,
Yeni Kaledoniyada və Haitidə də mövcud olub. Bu mətbuat kolonial
kimliyin formalaşmasına xidmət edib və hadisələri müstəsna olaraq
Fransa prizmasından təqdim edib.

“Müstəmləkəçilikdən bəhs ediləndə o, daim müsbət şəkildə təqdim
olunurdu. Yerli xalqlardan danışıldıqda isə onlar ekzotik bir
toplum kimi göstərilirdi. Fransa mətbuatında onların mədəniyyəti
folklor və itaətkarlıq səviyyəsinə endirilirdi”, – deyə Brun
vurğulayıb.

O bildirib ki, bu gün əsas sual budur: kütləvi informasiya
vasitələri və mətbuat özünü necə dekolonizasiya edə bilər?

“Jurnalistlər olaraq biz vətəndaşları məlumatlandırmalı,
marginallaşdırılmış xalqlara öz sözlərini demək üçün daha geniş
imkan yaratmalıyıq. Referendumlar, müstəqillik məsələləri, sosial
problemlər və köləlik tarixi barədə yazmalıyıq. Bərabərsizlikdən
danışmalı, stereotipləri dağıtmalı və kolonial tarixi
xatırlatmalıyıq.

Digər tərəfdən isə kütləvi informasiya vasitələri bəzən ictimai
rəyi elə təqdim edir ki, dekolonizasiya hərəkatları bir təhdid kimi
görünür. Biz bunu siyasi gərginliyin davam etdiyi Yeni
Kaledoniyanın timsalında görürük. Dənizaşırı ərazilər barədə yalnız
zorakılıq hadisələrindən danışmaq və köhnə təsəvvürləri təkrarlamaq
əvəzinə, onların tarixi və mədəniyyəti haqqında məlumat
verməliyik”, – deyə o bildirib.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər”
mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş
və hazırda müstəmləkə statusunda olan ərazilərin media
nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir
platformadır.

Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media
qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi
şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və
kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət
qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri
iştirak edirlər.