
Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan neft məhsullarının
ixrac həcmi artıb.
Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı
hesablamalara görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan
486,6 min ton neft və bitumlu süxurlardan alınan neft məhsulları,
eləcə də tərkibində kütlə etibarilə 70 faiz və daha çox neft və ya
neft məhsulları olan məhsullar ixrac edilib. Bu ixracın dəyəri
385,8 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 245 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm ifadəsində
isə 204,9 min ton və ya 1,7 dəfə artıb.
Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında
payı 2,38 faiz olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında
Azərbaycandan dünya ölkələrinə 10,125 milyon ton xam neft və
bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. Bu ixracın
dəyəri 6,231 milyard ABŞ dolları təşkil edib.
Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8
faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz
azalıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari
ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi
24,661 milyard ABŞ dolları təşkil edib.
Hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə
261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları
ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın
həcmi 3,442 milyard ABŞ dolları və ya 26,7 faiz artdığı halda,
idxalın həcmi 3,181 milyard ABŞ dolları və ya 27,6 faiz azalıb.
Nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində
müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623
milyard ABŞ dolları çoxdur.

