
Bakı. Trend:
İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq
İslam Sivilizasiyası Forumu öz işinə başlayıb. Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda iştirak
edib.
Bu barədə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya,
Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin,
Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər
ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət
orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların,
ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak
edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi
və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı
görülən tədbirlər barədə məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət
siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin
olunması, milli-mənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin
qorunması üçün əlverişli mühit formalaşıb. O, ölkəmizin qlobal
miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr
verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların
bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə
milli sərvət kimi qiymətləndirilir. İşğaldan azad edilmiş
ərazilərdə dağıdılmış dini-mədəni irs nümunələrinin bərpası ilə
bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam
sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın
qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini
Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan
İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası
arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini
maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və
beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində
əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.
“Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət
qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf
etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb.
Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini
tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə
mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq
və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir”, – komitənin
yaydığı məlumatda vurğulanıb.
R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının
müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam
sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının
həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi
istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə
əminliyini ifadə edib.

