Zelenski İrlandiyaya pilotsuz uçuş aparatları üzrə əməkdaşlıq sazişi təklif edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna İrlandiyaya pilotsuz uçuş aparatları (PUA)
texnologiyaları sahəsində “Drone Deal” adlı xüsusi əməkdaşlıq
mexanizminin yaradılmasını təklif edib.

Bu barədə RBK-Ukrayna Ukrayna Prezidenti Volodimir Zelenskinin
İrlandiyanın Baş naziri Mixol Martinlə Dublində keçirdiyi birgə
mətbuat konfransına istinadən xəbər yayıb.

Rəsmi səfər çərçivəsində keçirilən görüş zamanı əsas diqqət
innovasiya və müdafiə sənayesi sahəsində əməkdaşlığın
genişləndirilməsinə yönəlib. Kiyev iki ölkənin müdafiə sənayesi
müəssisələri arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasında
maraqlı olduğunu bildirib.




Volodimir Zelenski qeyd edib ki, Ukrayna artıq İrlandiya ilə
yeni texnologiyaların hazırlanması və istehsalı istiqamətində fəal
əməkdaşlığa başlayıb.

Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarının
hazırlanması və onların real döyüş şəraitində tətbiqi sahəsində
əldə etdiyi təcrübəni İrlandiya ilə bölüşməyə hazırdır.

“Biz İrlandiyaya “Drone Deal” formatında əməkdaşlıq və müvafiq
texnologiyalar təklif edirik. Bu təşəbbüs müəssisələrimiz və
şirkətlərimiz arasında birbaşa, səmərəli və uzunmüddətli
əməkdaşlığın qurulmasına imkan yaradacaq”, – deyə Zelenski
bildirib.