Azərbaycan və Ukrayna xarici işlər nazirləri hüquqi yardım haqqında saziş imzalayıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan
xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə Ukrayna xarici işlər
naziri Andrey Sibiha ilə görüş keçirib.

Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki,
nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini
müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə
əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Onlar
həmçinin ticarətin genişləndirilməsi, əlaqələrin inkişaf
etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
imkanlarını nəzərdən keçiriblər.

Tərəflər regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi
aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha
təsdiqləyib və Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli
dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini
vurğulayıblar.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin hüquqi əsasını daha
da möhkəmləndirəcək Azərbaycan və Ukrayna arasında Mülki və
Kommersiya İşləri üzrə Hüquqi Yardım haqqında Sazişi
imzalayıblar.