Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniya
arasında ticarət əməliyyatlarının həcmi 1,040 milyard ABŞ dolları
təşkil edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 399,5 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,33%-i həcmində olub.
Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox
ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə
qərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Böyük
Britaniyaya 278,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 122,9 milyon ABŞ dolları və ya
30,6% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac edilən məhsulların 273,052
milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam
neft məhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulun
ixracının həcmi isə 514,9 min ton təşkil edib. Beləliklə, ötən ilin
eyni dövrü ilə müqayisədə Azərbaycandan Böyük Britaniyaya ixrac
edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsullarının dəyəri 117,8 min ABŞ dolları və ya 30,1%, həcmi isə
135,2 min ton və yaxud 20,8% azalıb.




Hesabat dövründə Böyük Britaniyadan Azərbaycana isə 762,1 milyon
ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 522,4 milyon ABŞ dolları və
ya 3,2 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Böyük
Britaniya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında
6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan
xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804
milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275
milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon
kubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-ə
bərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici
ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və
ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.