
Bakı.Trend:
Hərbi Prokurorluq 2026-cı ilin ilk yarısında qeydə alınan
cinayətlərin 99 faizinin açıldığını açıqlayıb.
Qurumdan bildirilib ki, bu barədə 2026-cı ilin birinci
yarımilinin yekunlarına həsr olunan geniş kollegiya iclasında
məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə
müqayisədə ümumi cinayətlərin sayı 0,9 faiz, qeyri-hərbi cinayətlər
isə 4,9 faiz azalıb. Hərbi xidmətdən yayınma 21,2 faiz, qulluğa
səhlənkar yanaşma 9,1 faiz, silahla və yüksək təhlükə törədən
əşyalarla davranış qaydalarının pozulması 50 faiz, silah və döyüş
sursatının talanması və ya hədə-qorxu ilə tələb edilməsi 75 faiz,
yol hərəkəti qaydalarının pozulması 16,7 faiz, xuliqanlıq 71,4
faiz, rüşvətalma və rüşvətvermə cinayətləri isə 42,3 faiz
azalıb.
Həmçinin dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın
ödətdirilməsi istiqamətində mühüm nəticələrin əldə olunduğu, Hərbi
Prokurorluğun “962 Etimad xətti”nə hesabat dövründə 400-dən çox
müraciətin daxil olduğu bildirilib.
Kollegiyada görülən işlər və qarşıda duran vəzifələr müzakirə
olunub, mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar
verilib.

