
Bakı. Trend:
ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) “Tesla”nın
təxminən 20 min avtomobilin geri çağırılmasından yayınmaq üçün
etdiyi müraciəti təmin etməyib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata əsasən, qərarın səbəbi bəzi avtomobillərin faralarının
işıq intensivliyinin icazə verilən həddi aşması ehtimalıdır.
“Tesla” iddia edib ki, sözügedən uyğunsuzluq yol hərəkəti
təhlükəsizliyinə risk yaratmır və bununla bağlı qəza və ya xəsarət
halları qeydə alınmayıb. Bununla belə, NHTSA hesab edir ki,
həddindən artıq parlaq faralar həm sürücülər, həm də digər hərəkət
iştirakçıları üçün təhlükə yarada bilər.
Agentlik qeyd edib ki, bu, oxşar xarakterli ilk hal deyil. Belə
ki, 2022-ci ildə NHTSA “General Motors”un işıqlandırma sistemindəki
problemlərlə əlaqədar 820 min avtomobilin təmirindən yayınmaq
cəhdini də rədd etmişdi. Həmin dövrdə bəzi LED faralarda həddindən
artıq parıltının qüsur kimi tanınmasını tələb edən petisiya da
qəbul edilməmişdi. Sənəddə “Tesla Model 3”, “Ford Bronco” və “Rivian R1T” modellərinin də adı çəkilmişdi.
ABŞ Avtomobil Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə
görə, hər on sürücüdən altısı gecə vaxtı faraların həddindən artıq
parlaq olmasını ciddi problem hesab edir. Respondentlərin təxminən
dörddəüçü isə son on ildə bu problemin daha da kəskinləşdiyini
bildirib.

