
Bakı. Trend:
Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr
olunacaq yeni beynəlxalq təşkilatın mənzil-qərargahı Çinin Şanxay
şəhərində yerləşəcək. Bununla bağlı saziş 29 təsisçi dövlətin
nümayəndələri tərəfindən imzalanıb.
Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin
bəyanatında bildirilib.
“Beynəlxalq sazişə əsasən, süni intellekt sahəsində əməkdaşlıq
üzrə ümumdünya təşkilatı BMT Nizamnaməsinin məqsədlərinə uyğun
fəaliyyət göstərən müstəqil hökumətlərarası beynəlxalq təşkilat
olacaq. Təşkilat geniş məsləhətləşmələr, birgə töhfə və qarşılıqlı
fayda prinsiplərinə əsaslanacaq, insan maraqlarını rəhbər tutacaq.
Məqsəd süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı və qlobal
idarəetməni təşviq etmək, bu texnologiyanın sağlam, nizamlı,
təhlükəsiz və ədalətli inkişafını bütün bəşəriyyətin rifahı naminə
təmin etməkdir. Təşkilatın mənzil-qərargahı Şanxay şəhərində
yerləşəcək”, – deyə nazirlikdən bildirilib.
Saziş Çinin xarici işlər naziri Van İnin iştirakı ilə keçirilən
mərasimdə imzalanıb. Sənədi Çin hökuməti adından Van İ
imzalayıb.
Təsisçi dövlətlər arasında Qazaxıstan, Pakistan, Rusiya,
İndoneziya, Laos və daha 24 ölkə yer alıb.
Mərasimdə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreş, eləcə
də bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri
iştirak ediblər.

