Böyük Britaniyada yüz minlərlə insan artıq çəki səbəbindən əmək fəaliyyətindən kənarda qalıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada yüz minlərlə sakin artıq çəki və piylənmə ilə
bağlı problemlər səbəbindən işləyə bilmir.

Bu barədə “The Telegraph” nəşri York Universitetinin apardığı
araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Araşdırma çərçivəsində 284 mindən çox könüllünün məlumatları
təhlil edilib. Tədqiqat üçün istifadə olunan məlumatlar Böyük
Britaniyanın ən iri tibbi məlumat bazası olan “UK Biobank”dan
götürülüb.

Məlumata görə, ölkədə 15 milyondan artıq insan artıq çəkidən
əziyyət çəkir. Onların təxminən 4 faizi məhz piylənmə səbəbindən
əmək fəaliyyətini davam etdirə bilmir.




Tədqiqatın nəticələrinə əsasən, Böyük Britaniyada 600 mindən çox
insan artıq çəki ilə əlaqədar işləmək imkanını itirib.

Araşdırma həmçinin göstərib ki, artıq çəki səbəbindən əmək
bazarını tərk edən kişilərin sayı qadınlarla müqayisədə daha
çoxdur.

Məqalədə qeyd olunur ki, piylənmə hallarının artması ölkə
iqtisadiyyatı üçün əlavə maliyyə yükü yarada bilər. Bildirilir ki,
piylənmə diaqnozu qoyulmuş işçilər normal çəkiyə malik şəxslərlə
müqayisədə iki dəfə daha çox xəstəlik məzuniyyətindən istifadə
edirlər.