“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Simpoziumda təmsil olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri Rüfət Mahmud 24–26 noyabr tarixlərində Türkiyə
Respublikasının İstanbul şəhərində keçirilən “Beynəlxalq simpozium:
Milli sarayların yüz ili” adlı beynəlxalq tədbirdə iştirak
edib.

Tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və
muzeyləşdirilməsi sahəsində beynəlxalq təcrübənin müzakirəsi
baxımından mühüm əhəmiyyət kəsb edən simpoziumda dünyanın müxtəlif
ölkələrindən gələn saray muzeyləri və tarix-mədəniyyət qoruqlarının
rəhbərləri, eləcə də elm adamları iştirak edərək irs abidələrinin
idarə olunması, bərpası, davamlı inkişafı, muzeyləşdirmə və muzey
kolleksiyalarının qorunması mövzusunda məruzələrlə çıxış
ediblər.




Tədbir çərçivəsində təşkil olunan sessiyada İdarə Heyətinin
sədri “Mühafizədən təqdimata: İçərişəhərin abidələrinin muzeylərə
çevrilməsi” mövzusunda çıxış edərək abidələrin qorunması, bərpası
və muzeyləşdirilməsi üzrə görülən işlər və əldə olunan təcrübələr
barədə məlumat verib.

Səfər çərçivəsində Rüfət Mahmud İstanbulun UNESCO Ümumdünya İrs
Siyahısına daxil olan dörd tarixi abidənin idarəçiliyinə məsul olan
İstanbul Tarixi Alanları İdarəsinin rəhbəri Mustafa Tural ilə görüş
keçirib. Görüşdə qoruqların idarə olunması sahəsində təcrübə
mübadiləsi və gələcək birgə əməkdaşlıq imkanları müzakirə
edilib.