Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir – RƏY

Baş səhifə

Bakı.Trend:

IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin
jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlər
təkcə Azərbaycanın xarici siyasət kursunu deyil, həm də regionda və
dünyada dəyişən geosiyasi mənzərəyə Bakının baxışını əks
etdirdi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.

“Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqam
ondan ibarət idi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə
kimi deyil, həm də Avrasiya məkanında logistika, nəqliyyat, enerji
təhlükəsizliyi, rəqəmsal transformasiya və regional təhlükəsizliyin
formalaşmasında mühüm rol oynayan strateji dövlət kimi çıxış edir.
Forumda səsləndirilən mesajlar göstərdi ki, son illərdə həyata
keçirilən siyasət ölkənin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə
gücləndirib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın
beynəlxalq nəqliyyat qovşağına çevrilməsinin təsadüfi proses
olmadığını xüsusi vurğuladı. Onun sözlərinə görə, bu nəticə on
ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü siyasətin
məhsuludur”, – deyə S.Mikayılova vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan ilk növbədə çatışmayan fiziki
infrastrukturu yaratdı. Müasir avtomobil yolları, dəmir yolları,
limanlar, hava limanları və logistika mərkəzləri inşa edildi.
Bununla yanaşı, dövlət başçısının vurğuladığı kimi, tranzit ölkəyə
çevrilmək üçün təkcə infrastruktur kifayət etmir. Ən vacib
şərtlərdən biri qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan
münasibətlərdir. Əgər region ölkələri arasında əməkdaşlıq yoxdursa,
ən müasir nəqliyyat infrastrukturu belə tam səmərə vermir.

“Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat
dəhlizlərinin əsas iştirakçılarından biridir. Son illərdə qlobal
geosiyasi proseslər, xüsusilə də Yaxın Şərqdə baş verən hadisələr
və beynəlxalq ticarət marşrutlarında yaranan dəyişikliklər
Azərbaycanın əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə artan yük
axınını qəbul etməyə hazır vəziyyətə gətirilib və mövcud imkanların
genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirilir. Bu
isə Azərbaycanın yalnız regional deyil, Avrasiya məkanında strateji
logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir”.

S.Mikayılova vurğulayıb ki, forumda xüsusi diqqət çəkən
məqamlardan biri Azərbaycan-Türkiyə münasibətlərinə verilən qiymət
oldu.

“Prezident İlham Əliyev bildirdi ki, dünyada siyasi, iqtisadi,
enerji, nəqliyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq baxımından
Türkiyə və Azərbaycan qədər yaxın iki dövlət tapmaq çətindir.

Dövlət başçısı vurğuladı ki, Şuşa Bəyannaməsinin imzalanması
münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə
yüksəldib. Bu gün iki ölkə təkcə dost və qardaş deyil, eyni zamanda
bir-birinin təhlükəsizliyinə təminat verən müttəfiqlərdir. Bu model
təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün sabitlik
nümunəsi kimi təqdim olunur.

Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyəti yalnız ikitərəfli
əlaqələrlə məhdudlaşmır. Bu əməkdaşlıq enerji layihələrinin həyata
keçirilməsində, Orta Dəhlizin inkişafında, Türk dünyasının
inteqrasiyasında və Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının
formalaşdırılmasında əsas amillərdən biri hesab edilir”.

S.Mikayılovanın sözlərinə görə, Prezident İlham Əliyevin
çıxışında Avropa Şurası Parlament Assambleyası ilə bağlı
səsləndirdiyi fikirlər də diqqət çəkdi.

“Dövlət başçısı xatırlatdı ki, Azərbaycan öz ərazi bütövlüyünü
tam bərpa etdikdən sonra AŞPA-da nümayəndə heyətinin səsvermə
hüququndan məhrum edilməsi siyasi motivli qərar idi və bunun insan
hüquqları ilə heç bir əlaqəsi yox idi.

Prezident vurğuladı ki, Azərbaycan bu addımı suverenliyini bərpa
etdiyinə görə cəzalandırılmaq cəhdi kimi qiymətləndirir. Rəsmi Bakı
hesab edir ki, münasibətlərin normallaşmasının yeganə yolu
Azərbaycanın səsvermə hüququnun bərpasıdır. Əks halda, təşkilatla
əməkdaşlığın gələcək perspektivləri ciddi şəkildə sual
altındadır.

Bu mövqe Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla
münasibətlərdə daha prinsipial siyasət yürütməsinin göstəricisidir.
Rəsmi Bakı artıq beynəlxalq platformalarda birtərəfli yanaşmaları
qəbul etmədiyini açıq şəkildə bəyan edir”.

Forum zamanı ölkə başçısının vurğuladığı 907-ci düzəliş
məsələsinə toxunan deputat Sevil Mikayılova qeyd edib ki, 1992-ci
ildə Azərbaycana qarşı tətbiq edilmiş ədalətsiz qərar idi və həmin
dövrdə Ermənistanın işğal siyasətinə baxmayaraq, məsuliyyət
Azərbaycanın üzərinə qoyulmuşdu.

“Bu gün isə region tamamilə fərqli reallıq yaşayır. Qarabağ
münaqişəsi başa çatıb, Azərbaycan və Ermənistan arasında sülh
istiqamətində mühüm addımlar atılır, Azərbaycan isə Ermənistana
tranzit yüklərin daşınmasına və enerji məhsullarının ixracına
şərait yaradır.

Belə olan halda 907-ci düzəlişin saxlanılması nə hüquqi, nə də
siyasi baxımdan məntiqli görünür. Dövlət başçısı hesab edir ki,
həmin düzəliş tamamilə ləğv olunmalıdır. Bu, həm ABŞ Konqresinin
əvvəlki səhvini etiraf etməsi, həm də regiondakı yeni geosiyasi
reallıqların qəbul edilməsi baxımından vacib addım olardı”.

S.Mikayılovanın sözlərinə görə, forumda səsləndirilən fikirlər
göstərdi ki, son dövrdə Azərbaycan-ABŞ münasibətlərində də ciddi
dinamika yaranıb.

“Prezident İlham Əliyev qeyd etdi ki, Prezident Donald Tramp
administrasiyası dövründə münasibətlər strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib. Vaşinqton və Davos görüşləri, Strateji
Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması və yaradılmış işçi
qrupları bunu təsdiqləyir.

Hazırda iki ölkə arasında ticarət və investisiyalar, enerji
təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, müdafiə
sənayesi və nəqliyyat sahələrində əməkdaşlıq genişlənir. ABŞ-ın
Azərbaycana silah satışına tətbiq olunan məhdudiyyətləri aradan
qaldırması da münasibətlərdə yeni mərhələnin göstəricilərindən biri
kimi qiymətləndirilir.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlər barədə
də müsbət mesajlar verdi.

Dövlət başçısı bildirdi ki, son aylarda Avropa İttifaqının
yüksək səviyyəli rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri
təsadüfi deyil. Mart ayından iyul ayına qədər Avropa İttifaqı
Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti və Aİ-nin
xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin Bakıya
səfərləri münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu
göstərir.

Bu görüşlər zamanı enerji təhlükəsizliyi, nəqliyyat, rəqəmsal
inkişaf, yaşıl enerji, regional əməkdaşlıq və qlobal gündəlikdə
duran məsələlər geniş müzakirə olunub. Bu dinamika Azərbaycanın
Avropa üçün etibarlı tərəfdaş statusunun daha da möhkəmləndiyini
nümayiş etdirir”.

S.Mikayılova bildirib ki, artıq Azərbaycan postmünaqişə dövrünün
yeni geosiyasi gündəliyini formalaşdıran əsas aktorlardan
biridir.

“Ölkə artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının
mühüm nəqliyyat qovşağı, enerji təhlükəsizliyinin təminatçısı,
rəqəmsal transformasiya proseslərinin iştirakçısı və etibarlı
beynəlxalq tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışı həm Azərbaycanın xarici siyasət
prioritetlərini, həm də dəyişən beynəlxalq münasibətlər sistemində
ölkənin gələcək strateji hədəflərini aydın şəkildə ortaya qoydu.
Şuşadan verilən mesajların əsas mahiyyəti ondan ibarətdir ki,
Azərbaycan bundan sonra da milli maraqlarını əsas götürərək
balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasət kursunu
davam etdirəcək. Məhz bu yanaşma ölkənin beynəlxalq nüfuzunu
gücləndirən və onu regionun aparıcı siyasi, iqtisadi və geostrateji
mərkəzlərindən birinə çevirən əsas amillərdən biridir”.