Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda saxlanılan beynəlxalq axtarışda olan Türkmənistan
vətəndaşı ekstradisiya edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkmənistanda narkotik vasitələrə və ya
psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış
məqsədilə qanunsuz əldə edilməsi, saxlanılması və daşınması
cinayətində təqsirləndirilən, beynəlxalq axtarışa verilmiş
Türkmənistan vətəndaşı Dovletgeldi Başımov Azərbaycandan
ekstradisiya olunub.

Türkmənistan Baş Prokurorluğunun 1979-cu il təvəllüdlü Başımov
Dovletgeldi Nursaxedoviçin cinayət məsuliyyətinə cəlb edilməsi
məqsədilə ekstradisiyası ilə bağlı vəsatəti Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.




Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildiyi iddia olunan cinayətə görə beynəlxalq axtarışa verilmiş
Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycan ərazisində
müəyyən edilərək saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin ekstradisiyası
barədə qərar qəbul edilib.

Dovletgeldi Başımov daha sonra Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə
Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.