1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkənin inkişaf tarixində yeni mərhələnin başlanğıcı hesab olunur.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Sovet Ittifaqının tərkibində 15 müttəfiq respublikadan biri olan Azərbaycanın təhsil sistemi, səhiyyəsi, mədəniyyəti və nəqliyyatı 1969-cu ildə hansı vəziyyətdə idi, 1982-ci ilə qədər bu sahələrdə ciddi dəyişikliklər baş verib.
Məktəbəqədər təhsil: bağçalar artdı, əhatə dairəsi genişləndi
İnsan kapitalının formalaşması məktəbəqədər təhsildən başlayır. Statistik göstəricilər göstərir ki, 1969–1982-ci illərdə bu sahədə də genişlənmə müşahidə olunub.
1969-cu ilin sonunda Azərbaycanda 1 555 daimi məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərirdi. Bu müəssisələrdə 108,4 min uşaq tərbiyə alırdı. Məktəbəqədər yaşlı uşaqların cəmi 12 faizi bağçalarla təmin olunurdu.
1982-ci ilə gəldikdə isə bağçaların sayı 1 956-ya, burada tərbiyə alan uşaqların sayı isə 153,4 minə çatmışdı. Məktəbəqədər müəssisələrlə təminat səviyyəsi 20 faizə yüksəlmişdi.
Məktəblər: müəllim sayı artdı, peşə təhsili sürətlə inkişaf etdi
1969-cu ildə Azərbaycanda 4 406 gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Həmin məktəblərdə 1 milyon 299 min şagird təhsil alırdı.
1982-ci ildə gündüz ümumtəhsil məktəblərinin sayı 4 146 olsa da, şagirdlərin sayı 1 milyon 379 minə yüksəlmişdi. Bu isə mövcud məktəb şəbəkəsindən daha səmərəli istifadə edildiyini göstərirdi.
Diqqət çəkən istiqamətlərdən biri axşam məktəblərində baş verən dəyişiklik idi. 1969-cu ildə 1 028 axşam məktəbi fəaliyyət göstərirdisə, 1982-ci ildə onların sayı 249-a enmişdi. Buna baxmayaraq, həmin məktəblərdə təhsil alan şagirdlərin sayı 91,5 mindən 143,9 minə yüksəlmişdi.

Ən böyük dəyişiklik isə peşə təhsili sahəsində müşahidə olunur.
1969-cu ildə Azərbaycanda cəmi 15 peşə məktəbi və liseyi fəaliyyət göstərirdi. Burada 3,6 min şagird təhsil alırdı.
1982-ci ildə peşə məktəblərinin sayı 108-ə, şagirdlərin sayı isə 68 minə çatmışdı.
Müəllimlərin sayı 38 min nəfərdən çox artdı
Təhsilin inkişafı ilk növbədə müəllim potensialı ilə ölçülür.
1969-cu ildə ümumtəhsil məktəblərində 63 029 müəllim çalışırdı. 1982-ci ildə onların sayı 101 157 nəfərə çatmışdı.
Başqa sözlə, 13 il ərzində məktəblərdə çalışan müəllimlərin sayı 38 mindən çox artmışdı.
Daha diqqətçəkən məqam müəllimlərin təhsil səviyyəsində baş verən dəyişiklikdir. 1969-cu ildə ali təhsilli müəllimlərin sayı 31 498 idi. 1982-ci ildə bu göstərici 74 675 nəfərə yüksəlmişdi. Natamam ali təhsilli müəllimlərin sayı 8 873-dən 5 148-ə enmişdi. Orta pedaqoji təhsilli müəllimlərin sayı 19 879-dan 18 898-ə, orta ixtisas və ümumi orta təhsilli müəllimlərin sayı isə 2 574-dən 2 436-ya dəyişmişdi.
Ali təhsil: universitetlərin və tələbələrin sayı artdı
Ali təhsil də inkişaf edən istiqamətlərdən biri idi.
1969-cu ildə Azərbaycanda 12 ali məktəb fəaliyyət göstərirdi. Bu ali təhsil müəssisələrində 99,2 min tələbə oxuyurdu. 1982-ci ildə ali məktəblərin sayı 18-ə, tələbələrin sayı isə 110 minə yüksəlmişdi.
Səhiyyə: həkimlərin sayı 12,4 mindən 22,4 minə yüksəldi
1969–1982-ci illərdə inkişaf dinamikasının aydın müşahidə olunduğu sahələrdən biri də səhiyyə idi. Həmin dövrün rəsmi statistikası göstərir ki, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əhalinin səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması istiqamətində ardıcıl işlər görülüb.
1969-cu ildə Azərbaycanda bütün ixtisaslar üzrə 12,4 min həkim fəaliyyət göstərirdi. On üç il sonra bu göstərici 22,4 minə çatmışdı. Beləliklə, həkimlərin sayı təxminən iki dəfə artmışdı.
Təkcə həkimlərin deyil, orta tibb işçilərinin sayında da əhəmiyyətli artım qeydə alınmışdı. Əgər 1969-cu ildə ölkədə 38,5 min orta tibb işçisi çalışırdısa, 1982-ci ildə onların sayı 56,2 minə yüksəlmişdi.

Xəstəxanaların ümumi sayı böyük dəyişiklik göstərməsə də, onların imkanları genişlənmişdi. 1969-cu ildə ölkədə 772 xəstəxana fəaliyyət göstərirdi. 1982-ci ildə bu rəqəm 754 idi. Lakin eyni dövrdə xəstəxanalardakı çarpayıların sayı 46,4 mindən 62,2 minə yüksəlmişdi. Bu isə mövcud səhiyyə müəssisələrinin maddi-texniki bazasının və qəbul imkanlarının genişləndirildiyini göstərirdi.
Ambulator-poliklinika xidmətləri də inkişaf etdirilən istiqamətlərdən biri idi. 1969-cu ildə əhaliyə xidmət göstərən 1 076 ambulator-poliklinika müəssisəsi mövcud idi. 1982-ci ildə onların sayı 1 191-ə çatmışdı.
Səhiyyə sistemində diqqət çəkən dəyişikliklərdən biri də ana və uşaq sağlamlığı sahəsində müşahidə olunurdu. 1969-cu ildə qadın məsləhətxanaları, uşaq poliklinikaları və uşaq ambulatoriyalarının sayı 293 olduğu halda, 1982-ci ildə bu göstərici 949-a yüksəlmişdi. Bu artım həmin dövrdə ana və uşaq sağlamlığının qorunmasına yönəlmiş tibbi xidmətlərin əhatəsinin əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərirdi.
1969-cu ildə Azərbaycanda 94 sanatoriya və istirahət müəssisəsi fəaliyyət göstərirdi.
1982-ci ildə onların sayı 113-ə çatmışdı. Sanatoriya-profilaktoriyaların sayı 15-dən 20-yə, istirahət evləri və pansionatların sayı 9-dan 11-ə istirahət bazalarının sayı isə 2-dən 21-ə yüksəlmişdi. Turist mehmanxanaları və bazalarının sayı da 8-dən 10-a çatmışdı.
Bu göstəricilər həmin dövrdə təkcə müalicə xidmətlərinin deyil, əhalinin istirahət və sağlamlığının bərpasına yönəlmiş sosial infrastrukturun da inkişaf etdirildiyini göstərir.

Mədəniyyət: kitabxanalar, muzeylər və klub müəssisələrinin sayı artdı
1969–1982-ci illər arasında inkişaf edən sahələrdən biri də mədəniyyət idi. Rəqəmlər göstərir ki, bu dövrdə kitabxana şəbəkəsinin genişləndirilməsi, muzeylərin yaradılması və mədəniyyət müəssisələrinin artırılması istiqamətində işlər aparılıb.
1969-cu ildə Azərbaycanda 2 852 kütləvi kitabxana fəaliyyət göstərirdi. 1982-ci ildə onların sayı 4 008-ə yüksəlmişdi.
Kitabxanaların fondu da əhəmiyyətli dərəcədə zənginləşmişdi. Əgər 1969-cu ildə kitabxanalarda 21,9 milyon nüsxə kitab və jurnal vardısa, 1982-ci ildə bu rəqəm 35,1 milyon nüsxəyə çatmışdı.
Mədəniyyətin inkişafı kitabxanalarla məhdudlaşmırdı. Klub müəssisələrinin sayı 1 985-dən 3 301-ə yüksəlmişdi. Bu, respublikanın müxtəlif bölgələrində mədəni tədbirlərin keçirilməsi və insanların asudə vaxtının təşkili üçün yeni imkanlar yaradırdı.
Muzeylərin inkişafı da diqqət çəkir. 1969-cu ildə ölkədə 38 muzey fəaliyyət göstərirdisə, 1982-ci ildə onların sayı 82-yə çatmışdı. Bu, mədəni irsin qorunması və nümayişi istiqamətində aparılan işlərin miqyasının genişləndirildiyini göstərən göstəricilərdən biridir.
Peşəkar teatrların sayı isə həmin dövrdə 12-dən 14-ə yüksəlmişdi.
İnsan kapitalına yönələn inkişaf
Dövlət Statistika Komitəsinin rəsmi məlumatları göstərir ki, 1969–1982-ci illərdə aparılan inkişaf siyasəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmayıb. Təhsil sisteminin genişləndirilməsi, müəllim və ali təhsilli kadr potensialının artırılması, səhiyyə infrastrukturunun gücləndirilməsi, həkim və orta tibb işçilərinin sayının yüksəlməsi, ana və uşaq sağlamlığı xidmətlərinin genişləndirilməsi, kitabxana, muzey və digər mədəniyyət müəssisələrinin sayının artırılması insan kapitalına yönəlmiş siyasətin mühüm istiqamətlərindən olub.
Rəqəmlər göstərir ki, həmin illərdə həyata keçirilən layihələr təkcə iqtisadi inkişafın deyil, eyni zamanda sosial infrastrukturun möhkəmləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət sahələrinin genişləndirilməsi istiqamətində də öz əksini tapıb. Bu göstəricilər 1969-cu ildən sonra Azərbaycanın sosial inkişaf mənzərəsini anlamaq baxımından mühüm statistik mənbələrdən biri kimi diqqət çəkir.

