
Bakı. Trend:
“Trading Economics” beynəlxalq onlyan platforması Azərbaycanda
yaxın illər üçün ümumdaxili məhsulun (ÜDM) artımı ilə bağlı
proqnozlarını dərc edib.
Trend “Trading
Economics”ə istinadən xəbər verir ki, 2025-ci ildə ölkənin faktiki
iqtisadi artımı 2,5 faiz təşkil etməkdədir, 2025-ci ilin dördüncü
rübündə isə illik ÜDM artımı 3,5 faiz olacaq.
2026-cı ilin birinci rübündə 3,7 faiz, ikinci rübündə isə 3 faiz
artım gözlənilir, həmin ilin üçüncü rübündə isə Azərbaycanın ÜDM
artımında dəyişiklik olmayacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə
95,2 milyard manat məbləğində ümumi daxili məhsul istehsal olunub
ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz
çoxdur.
Neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, lakin
qeyri-neft-qaz sektorunda 2,9 faiz artım müşahidə olunub. ÜDM
istehsalı strukturunda 34,2 faiz sənaye, 10,5 faiz ticarət və
nəqliyyat vasitələrinin təmiri, 7,0 faiz nəqliyyat və anbar
təsərrüfatı, 6,8 faiz kənd, meşə təsərrüfatı və balıqçılıq, 6,6
faiz tikinti, 2,8 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,8 faiz informasiya və rabitə, 20,7 faiz isə digər fəaliyyət
növlərinin payına düşür.
Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,6 faizini təşkil
edib. Adambaşına düşən ÜDM 9 300,3 manat olub.


