
Bakı. Trend:
Artıq Bakıda və Abşeron ərazisində yerləşən 17 tibb
müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28
tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor
quraşdırılıb.
Trend xəbər
verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov Azərbaycan Beynəlxalq
Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”in açılış mərasimində deyib.
O bildirib ki, il sonuna qədər bu sistemin ölkə üzrə əksər tibb
müəssisələrində istifadəyə verilməsi planlaşdırılır.
“Bundan başqa, son 5 il ərzində 95 tibb müəssisəsində
Laboratoriya İdarəetmə Sistemi tətbiq edilib, bu müddət ərzində
cəmi 110 milyon laborator xidmət, o cümlədən 90 milyon ambulator və
20 milyon stasionar xidmət qeydə alınıb.
Vətəndaşlar artıq şəxsi kabinet və “e-TABIB” mobil tətbiqi
vasitəsilə laborator nəticələrini onlayn əldə edə bilirlər”- deyə o
vurğulayıb.
O əlavə edib ki, bu rəqəmsal həllər sayəsində TƏBİB-in idarəetmə
sistemi real vaxt rejimində məlumat mübadiləsini təmin edir,
qərarların qəbulunda dəqiqliyi artırır və səhiyyə sistemində şəffaf
idarəetməni möhkəmləndirir.

