Cəbrayıl şəhərində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” fotosərgisi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayədəliyinin təşkilatçılığı, Elm və Təhsil
Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına
tam orta ümumtəhsil məktəbində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın
addımları” adlı fotosərgi və “Bura mənim evimdir” filminin
təqdimatı keçirilib.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Ordumuzun ikinci Qarabağ müharibəsində
qazandığı qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin
Cəbrayılın işğaldan azad edilməsi üçün göstərdikləri şücaət və
qəhrəmanlıqdan, Bəyük Zəfərin davamı olaraq işğaldan azad edilmiş
ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və hazırda uğurla
həyata keçirilən Böyük Qayıdışdan ətraflı söhbət açılıb. Yenidən
tikilən Cəbrayıl şəhərində sakinlərin doğm yurda geri dönüşün
sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat
şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı
qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad
edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın
simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu
sərgiyə baxıblar. Fotosərgi Böyük Qayıdışın mübariz insan
hekayələrini və bu ərazilərə yenidən həyatın qayıtmasını sənət dili
ilə çatdırıb. Daha sonra “Bura mənim evimdir” filmi nümayiş
olunub.




Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdışın
önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
rəsmisi Aqil Qurbanov çıxış edərək Böyük Qayıdışın əhəmiyyətini və
bu prosesin gələcək inkişafı barədə söz açıblar. Azərbaycan
Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri
Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar
fotoqrafların Böyük Qayıdışın uğurlu addımlarını
işıqlandırdıqlarını, onun fotosalnaməsinin yaradılmasında töhfə
verdiklərini vurğulayıblar.

Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli
filminə də tədbir iştirakçıları maraqla baxıblar. Filmdə ABŞ-nin
Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu
Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun
Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlşini
əks etdirir.

Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və
Cəbrayıl şəhərnin sakinlərini iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi hazırlanan “Bura mənim
evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu
Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq
görülüb.