
Bakı. Trend:
Dünyada antibiotiklərin əksəriyyəti 2018-ci ildən bəri geniş
yayılmış bakterial infeksiyalara qarşı effektivliyini itirib.
Trend xəbər verir
ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatda
deyilir.
Hesabata görə, hazırda hər altı bakterial infeksiyadan biri
standart müalicə metodlarına qarşı dayanıqlıdır.
Bu antimikrob müqaviməti (AMR) kimi tanınır və bakteriyalar,
eləcə də qan, bağırsaq, sidik yolları və cinsi yolla keçən
infeksiyalara (CYKİ) səbəb olan digər patogenlər, adi
antibiotiklərə qarşı dayanıqlı olacaq səviyyəyə qədər təkamül
etdikdə meydana gəlir.
İnsanlar bu prosesi – məsələn, təyin edilmiş antibiotik kursunu
tamamlamaqdansa yarımçıq dayandırmaqla və ya həkimlərin
antibiotikləri yanlış şəkildə təyin etməsi ilə
sürətləndirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ildə 104 ölkə üzrə
23 milyondan çox yoluxma halı əsasında apardığı tədqiqatın
nəticələrinə görə, 2018-ci ildən bəri təhlil edilən
patogen-antibiotik kombinasiyalarının təxminən 40 faizində
müqavimət artıb.
Araşdırmaya əsasən, problem xüsusilə aşağı və orta gəlirli
ölkələrdə daha kəskindir, çünki bu ölkələrdə AMR-ə nəzarət,
mikrobioloji diaqnostika imkanları və effektiv alternativ müalicə
vasitələrinə çıxış məhdud olur.

