Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində irəliləyiş əldə etmişik – Danimarka baş naziri

Baş səhifə

Kopenhagen. Trend:

Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində
irəliləyiş əldə etmişik.

Trend-in xüsusi müxbirinin məlumatına görə,
bunu Danimarkanın baş naziri Mette Frederiksen “Avropa Siyasi
Birliyi”nin 7-ci Sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir
Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün
istifadəsinə dair müzakirələrin irəlilədiyini, lakin yekun qərarın
hələ verilmədiyini bildirib.

“Biz dünən olduğu kimi Şuranın qeyri-rəsmi iclasında bu məsələ
ilə bağlı qərar verə bilmərik. Ancaq Kopenhagendə məhz, belə
günlərdə müzakirə etmək və mahiyyətini araşdırmaq imkanımız olur.
Düşünürəm ki, biz məsələnin müzakirəsində irəliləyiş əldə etmişik,
lakin hələ yekun qərara gəlməmişik və bu, görüşlər üçün planın bir
hissəsi deyildi. Onların məqsədi siyasi fəaliyyət üçün qərarlar
hazırlamaqdır. Bu mənada irəliyə doğru bir addım atmışıq və bu,
artıq yaxşı nəticədir”, – Frederiksen əlavə edib.