Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən
banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk
növləri üzrə stres-testlər aparılacaq.

Trend-in əldə
etdiyi məlumata görə, stres-test modelinin qiymətləndirilməsi
zamanı bankın stres-test proqramının tərtibi və tətbiqinə məsul
əməkdaşlarına müxtəlif suallar veriləcək.

Məsul əməkdaşlar sözügedən suallara cavab verməyə hazırlıqlı
olmalıdırlar.

Stres-test modelinin qiymətləndirilməsi zamanı
ünvanlana biləcək suallar

1. Mərkəzi Bank tərəfindən təqdim olunan proqnozlardan başqa
hansı makro proqnozlardan istifadə olunub?

  • Bu ssenarilər nə üçün və necə seçilib?
  • Bu seçim necə əsaslandırılır?

2. Bu stres-testlər bankın üzləşdiyi əsas riskləri kifayət
qədər əhatə edirmi?

  • Stres-test kredit və likvidlik riskini necə əks etdirir?
  • Daha qranular data/testlərdən istifadə düşünülübmü, müzakirə
    olunubmu?
  • Hansı digər testlərin keçirilməsi düşünülüb və niyə
    keçirilməyib?

3. İstifadə olunmuş ssenarilər nə dərəcədə sərt və
mümkündür?

  • Ssenarinin sərtliyi necə seçilib?
  • Ssenarinin müddəti necə seçilib?
  • Tərs stres-testlərdən istifadə olunubmu?

4. Bank dinamik, yoxsa statik balans fərziyyəsinə
əsaslanıb?

  • Nə üçün bu seçim edilib?
  • Stres-test keçirmək üçün əsas məqsəd nə olub?
  • Nəticələr hansı istiqamətdə təhlil və istifadə olunacaq?

5. İstifadə olunan modellər nə üçün seçilib?

  • Digər modellər nəzərdən keçirilibmi?
  • Hansı əhəmiyyətlilik göstəricilərinə əsaslanıb?
  • Modellərlə bağlı hansı risklər nəzərdə saxlanılır?
  • Həssaslıq testləri üzrə hazırkı modellər/yanaşmalar nə üçün
    seçilib?
  • Ssenarilər tarixi, yoxsa hipotetik hadisələrə əsaslanır?

6. Stres-testin keçirilməsi zamanı hansı fərziyyə və ekspert
mülahizələrindən istifadə edilib?




  • Bank bu halları necə müəyyən edib və qiymətləndirir?
  • İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi bu tip hallardan nə
    dərəcədə məlumatlıdır və onlarla müzakirə edilibmi?

7. Bankda stres-testlərin keçirilməsi üçün yetərli data
varmı?

  • İstifadə olunan datanın mənbəyi haradır?
  • Data istifadədən öncə yoxlanılırmı?
  • Datalar üzrə hansısa çatışmazlıqlar varmı və aradan
    qaldırılması üçün nə edilib?

8. Stres-testlərdə ikinci təsir dalğası, risklər arasında
əlaqələr necə nəzərə alınıb?

  • Risklər arasında hansı əlaqələr stres-testdə əks olunub?
  • Hansı əlaqələr əks edilməyib və nə üçün bu seçim edilib?
  • Digər risklərin likvidlik risklərinə təsiri
    qiymətlənidirilibmi?

9. Stres-testlər requlyativ tələbdən daha sıx tezliklə
keçirilirmi?

10. Stres-test proqramı sənədləşdirilibmi və bu Qaydanın
tələbləri ilə uyğunluq təşkil edirmi?

11. Stres-testlərin keçirilməsi üçün məsuliyyət və iş
bölgüsü aparılıbmı?

  • Digər struktur bölmələr nə dərəcədə prosesdə iştirak
    edirlər?
  • Əgər vahid struktur tərəfindən hazırlanırsa, digər struktur
    bölmələr nə dərəcədə məlumatlandırılır?
  • Əgər fərqli struktur vahidlər stres-testin hazırlanmasında
    iştirak edirlərsə, sonda necə koordinasiya olunur və
    birləşdirilir?

12. İdarə Heyəti stres-testlərin modellərindən nə dərəcədə
məlumatlıdır?

  • Ən son nə zaman müzakirə aparılıb?
  • Hansı məsələlər müzakirə olunub?
  • Nəticəsi necə olub və hansı müvafiq dəyişikliklər edilib?

13. Daxili audit stres-testlərlə bağlı hansı yoxlamaları
həyata keçirir və nə nəticələr əldə olunub?

14. Bankda stres- testlərin aparılması üçün kifayət qədər
resurs varmı?

  • Bank öz əməkdaşlarının müvafiq bilik və bacarıqlara malik
    olmasını necə qiymətləndirir?
  • Əməkdaşların təlim-tədris ehtiyacları ödənilirmi?
  • Digər hansı resursların inkişaf etdirilməsinə ehtiyac var?
  • Bank stres-testlərin aparılması üçün kənar şəxslərdən dəstək
    alırmı?
  • Əgər alırsa kənar şəxsin bu istiqamətdə adekvat resurslara
    malik olmasını necə müəyyən edir?

Qeyd edək ki, yeni qərar iyunun 7-də qüvvəyə minəcək.