
Bakı. Trend:
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri
videogörüntünü sosial şəbəkələrdə paylaşdıqlarına görə, polis
tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşı – Alzaman
Mahdi Ali , Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın
cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Trend xəbər
verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə anket
məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri müvəkillərinin əməlində
cinayət tərkibi olmadığını əsas gətiriblər. Həmçinin vəkillər
cinayət işinə xitam verilməsini məhkəmədən xahiş ediblər.
Vəkil məhkəməyə bildirib ki, müvəkkili harada olduğunun fərqində
olmayıb:
“Mədəniyyətlərimiz fərqlidir. Qəbirlərimiz ayrı formadadır.
Onlar bilməyiblər haradadırlar. Yanlış anlaşılma olub. İşə xitam
verilməsini xahiş edirəm”.
Digər vəkillər vəsatəti müdafiə edib.
Dövlət ittihamçısı vəsatəti əsassız hesab edib və təmin
edilməməsini və işin baxışa verilməsini xahiş edib.
Hakim vəsatəti təmin etməyib və işin məhkəmə baxışına verilməsi
barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 27 noyabrda keçiriləcək.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər
xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü
sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə
turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial
şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində
təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

