Ali Məhkəmə mənzilin sahəsi ilə bağlı mübahisələrə aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Ali Məhkəmə çoxmənzilli binalarda mənzil alan şəxslərlə tikinti
şirkətləri arasında mənzilin sahəsi ilə bağlı yaranan mübahisələrin
həlli qaydalarına dair hüquqi mövqeyini açıqlayıb.

Məlumata görə, məhkəmə belə mübahisələrə baxılarkən ilk növbədə
tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin
araşdırılmasının vacibliyini vurğulayıb. Əgər müqavilədə mənzilin
sahəsinin hansı qayda ilə hesablanacağı ayrıca razılaşdırılıbsa,
mübahisə həmin şərtlərə uyğun həll edilməlidir.

Qeyd olunub ki, müqavilədə sahənin hesablanma qaydası müəyyən
edilməyibsə, mənzilin faktiki işçi sahəsinin müqavilədə göstərilən
sahəyə uyğun olub-olmaması yoxlanılmalıdır. Bunun üçün yerində
ölçmə aparılır. Faktiki işçi sahə müqavilədə nəzərdə tutulan sahəyə
uyğundursa, şirkət öhdəliyini yerinə yetirmiş hesab edilir. Əks
halda isə bu, müqavilə öhdəliyinin qüsurlu icrası kimi
qiymətləndirilir.

Ali Məhkəmə reyestr çıxarışında göstərilən sahənin əksər
hallarda müqavilədəki sahədən az olmasının səbəbinə də aydınlıq
gətirib. Bildirilib ki, dövlət reyestrində mənzilin ümumi sahəsi
şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq balkon və
terrasların sahəsinə azaltma əmsalı tətbiq edilməklə hesablanır. Bu
metodologiya yalnız daşınmaz əmlakın vahid qaydada uçotunu təmin
etmək məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca
mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz.




Məhkəmənin mövqeyinə əsasən, yalnız çıxarışda göstərilən sahənin
müqavilədəki sahədən az olması tikinti şirkətinin müqavilə
öhdəliyini pozduğu anlamına gəlmir. Belə hallarda fərq dövlət
reyestrində ümumi sahənin normativ qaydada hesablanması
metodologiyasından irəli gəlir.

Bundan başqa, qeyd edilib ki, mənzil alıcı tərəfindən qəbul
edildikdən sonra aparılan yenidənqurma və ya planlaşdırma işləri
nəticəsində sahədə baş verən dəyişikliklər şirkətin məsuliyyətinə
aid edilə bilməz. Öhdəliyin icrası mənzilin təhvil verildiyi
vəziyyət və ilkin layihə sənədləri əsasında
qiymətləndirilməlidir.

Ali Məhkəmə bildirib ki, mənzildə sahə çatışmazlığı müəyyən
edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb
edərkən mübahisəyə baxıldığı vaxt qüvvədə olan bazar qiymətlərinə
istinad edə bilər.

Məhkəmə həmçinin vurğulayıb ki, bu kateqoriyadan olan
mübahisələr üzrə 5 illik iddia müddəti tətbiq edilir və həmin
müddət mənzilin fiziki olaraq təhvil verildiyi gündən hesablanır.
İddia müddəti başa çatdıqdan sonra cavabdeh şirkət bu barədə ərizə
verərsə, hətta mənzildə faktiki sahə çatışmazlığı müəyyən olunsa
belə, iddia təmin edilməyəcək.